12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanı təcrid etmək istəyirlər
Tarix: 27-01-2022 13:55 | Bölmə: Slayd
Rusiyanı təcrid etmək istəyirlər

ABŞ və NATO Kremlin Ukrayna böhranında geri addım atmaq tələblərini rədd etdikdən sonra Avropa və onun müttəfiqlərinin qarşısında duran əsas problemlərdən biri - müharibə başlayacağı təqdirdə Rusiyanın qoca qitəyə nəql etdiyi təbii qazı kəsəcəyi ilə bağlı yaranmış təhlükədir. Bu səbəbdən də Rusiya əleyhdarları həm də bu problemin həllinə çalışırlar.

Reyting.az
xəbər verir ki, Qərb ölkələri ilə Rusiya arasında gərginlik müharibə həddinə çatacağı təqdirdə ABŞ və Avropada “Putin təbii qazı kəssə nə olacaq”,- sualına cavab tapmaqdır və bu problemdən çıxış yolu axtarırlar.

Qeyd edək ki, indi Qərb “Rus əsgərləri Ukraynaya ayaq basdığı anda Rusiya dünya iqtisadiyyatından təcrid olunacaq”,- ultimatumunu reallaşdırmaq üçün Avropanın enerji təhlükəsizliyini təmin etməyin alternativ yollarını axtarır. Yəni Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı olan ABŞ Avropanı donmaqdan xilas etməyin formulunu hazırlamağa çalışır.

Keçən həftə Qətərlə təmas yaradan Vaşinqton, Qərblə Rusiya arasında enerji böhranı yaranacağı təqdirdə mayeləşdirilmiş LNG qazının daha böyük həcmdə Avropaya çatdırılmasını təmin etmək istəyir. Lakin Qətərdəki təbii qaz istehsalçılarının cavabı qənaətbəxş olmayıb.

Xatırladaq ki, Qətər təbii qazın 75 faizini Uzaq Şərq ölkələrinə ixrac edir. Bu gün Avropa bazarında Qətərin təbii qaz satışının ümumi həcmi 7 faizdir.

Avropa ölkələri, o cümlədən Almaniya Rusiyanın təbii qazından 45 faiz asılı olduğundan, Qətərin qısa müddətdə Avropaya mavi yanacağı artırması mümkün görünmür. Buna baxmayaraq, Qətər əmiri Əl Sani ABŞ prezidenti Baydenin dəvəti ilə yanvarın 31-də Vaşinqtona səfər edəcək. Ağ Evdəki mənbələrin məlumatına görə, Bayden ABŞ-ın texniki dəstəyi ilə Qətərə yaza qədər təbii qaz hasilatını iki dəfə artırmağı təklif edə bilər.



Bu arada Avstraliyanın Enerji və təbii sərvətlər naziri Keyt Pitt bəyan edib ki, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün səfərbər olmağa hazırdırlar. Qərb ölkələri də Rusiyanın “enerji oyununu” aradan qaldırmaq üçün Əlcəzair, Misir və digər ölkələrlə əlaqə saxlayır.

Onu da diqqətinizə çatdıraq ki, dekabr ayının əvvəlindən Avropa ölkələri min kubmetr təbii qazın qiymətini 2 min dollara qədər ödəməmək üçün Rusiyanın “Qazprom” şirkətindən alışları azaldıblar. Bu gün Avropanın yeraltı qaz anbarlarının yarıdan çoxu boşdur. Xarici təchizat olmadıqda isə bir sıra sənaye sahələri, xüsusən də Avropa ölkələrində elektrik enerjisi istehsalı və metallurgiya dayanmalı olacaq. Avropanın əlində olan qaz yalnız bu qışın sonuna qədər evləri qızdırmağa kifayət edə bilər.

Dünya təbii qaz ehtiyatlarının 27,5 faizi Rusiyadadır. Bu ölkəni 15,9 faizlə İran, 14,9 faizlə Qətər izləyir. ABŞ-ın payı 5,3, Avstraliyanın payı isə 1,55 faiz təşkil edir.

Bir daha diqqətinizə çatdırırıq ki, ABŞ prezidenti C. Bayden Rusiyaya qarşı yeni sanksiyaların prezident V. Putin və onun administrasiyasını əhatə edəcək şəkildə hazırlandığını bildirib. Bayden xəbərdarlıq edib ki, Ukrayna gərginliyinin artması yaxın gələcəkdə İkinci Dünya müharibəsindən bəri görünməyən hadisələrə gətirib çıxaracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər