12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ-ın milyardlıq layihəsi təhlükədə: “F-35” qəzalarının sayı artır
Tarix: 27-01-2022 18:03 | Bölmə: Slayd
ABŞ-ın milyardlıq layihəsi təhlükədə: “F-35” qəzalarının sayı artır

ABŞ Hərbi Dəniz Qüvvələri yanvarın 25-də bildirib ki, “F-35C Lightning” tipli döyüş təyyarəsi Cənubi Çin dənizində təlim zamanı təyyarədaşıyan gəminin göyərtəsinə enməyə cəhd edərkən qəzaya uğrayıb. ABŞ-ın Sakit okean bölgəsinə cavabdeh 7-ci donanmasının açıqlamasında “Carl Vinson” təyyarədaşıyan gəmisinin vəzifə qrupunda olan döyüş təyyarəsinin gəmiyə enişi zamanı dənizə düşdüyü təsdiqlənib. Hadisə zamanı “oturacaq atma” üsulu ilə təyyarədən tullanan pilotdan başqa, təyyarədəki daha 6 hərbçi də yaralanıb.

Reyting.az
xəbər verir ki, “Carl Vinson” və “Abraham Linkoln”un təyyarədaşıyan donanmalarının Cənubi Çin dənizində birgə təlim keçdiyi zaman baş verən insident bölgəni ərazi suları sayan Çin ilə ABŞ arasında gərginliyi artıra bilər.

Bəzi amerikalı hərbi ekspertlərin fikrincə, Çin qəzaya uğrayan təyyarəni ABŞ-dan əvvəl tapmaq üçün bölgəyə dərin dalğıc qabiliyyətinə malik sualtı qayıq göndərə bilər. Bu səbəbdən də, ABŞ müharibə texnologiyası baxımından kritik əhəmiyyətə malik təyyarənin qalıqlarını daha tez tapmaq üçün tədbirlər görməyə çalışacaq.

7-ci donanmanın sözçüsü Nikolas Linqo deyib ki, ABŞ Hərbi Dəniz Qüvvələri “F-35”-in qalıqlarına çatmaq üçün tədbirlər görür. O, təyyarənin dəqiq harada qəzaya uğraması ilə bağlı şərh verməkdən imtina edib.

Hərbi rəsmilər təyyarənin yeri barədə məlumat verməkdən çəkinsələr də, “Carl Vinson” və “Abraham Linkoln” təyyarədaşıyıcılarının məşq etdiyi ərazi “Cənubi Çin Dənizi Çanağı” adlanan dərin okean çuxurunun bölgəsində yerləşir.

Bölgənin bəzi nöqtələrində dənizin maksimal dərinliyi 5 min metri keçir. Mütəxəssislərin fikrincə, belə bir dərin yerdən dağıntıları çıxarmaq aylarla uzana bilər.

Qərargahı Pekində yerləşən Cənubi Çin Dənizi Tədqiqat Təşəbbüsünün (SCPI) beyin mərkəzi öz “Twitter” hesabında peyk fotoşəkilləri və təlim günlərində gəmi və təyyarələrin hərəkət qeydlərinə əsaslanaraq, qəzanın bazar ertəsi səhər saatlarında Filippinin Luzon adasında baş verdiyini bildirib. Bunun Filippindən təxminən 100 dəniz mili (185 kilometr) qərbdə, Çinin nəzarətində olan Scarborough Shallowdan 50-70 dəniz mili (92-129 kilometr) şimal-şərqdə baş verdiyi təxmin edilir.

SCPI həmçinin bildirib ki, ABŞ dünən səhər saatlarında bölgəyə ən azı 6 kəşfiyyat təyyarəsi və yüksək hündürlüklərdə uzunmüddətli naviqasiya qabiliyyətinə malik “MQ-4C” tipli pilotsuz uçuş aparatı göndərib. Bu texnika təyyarələrin dağıntı axtarış fəaliyyətinə dəstək verməklə yanaşı, bölgədəki mümkün xarici hərbi və mülki ünsürlərin hərəkətlərini izləmək üçün göndərildiyi ehtimal olunur. Mütəxəssislər ehtimal edir ki, ABŞ biri 100 milyon dollara başa gələn yüksək texnologiyalı döyüş təyyarəsinin qalıqlarının Çinin əlinə keçməsinə imkan verməmək üçün ciddi tədbirlər görəcək.

Sinqapurdakı S. Rajaratnam Beynəlxalq Araşdırmalar Məktəbinin baş elmi işçisi Riçard Bitzinger deyib ki, qalıqların örtüyü, radarın gizli sensorları və məlumat emal avadanlıqları qabaqcıl döyüş təyyarələri haqqında kritik məlumatları aşkar edə bilər. Çinlilərin də dağıntılara çatmağa çalışacağını düşündüyünü dilə gətirən Bitzinger diqqətə çatdırıb ki, bu halda ABŞ Hərbi Dəniz Qüvvələri də təyyarənin düşdüyü yeri mühasirəyə almağa çalışacaq və dağıntılar qalana qədər ərazini mühasirəyə almaq istəyəcək. Çinlilərin açıq və ya gizli şəkildə qalıqlara çatmaq imkanlarının olub-olmadığı bilinmir.

Çin rəsmiləri isə ABŞ-dan əvvəl təyyarənin qalıqlarına çatmağa çalışacaqları ilə bağlı fərziyyələri təkzib ediblər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Kao Likien mətbuat konfransında deyib ki, ABŞ-ın döyüş təyyarələri ilə maraqlanmırlar.

Qəzanın ABŞ-ın Cənubi Çin dənizində törətdiyi ilk hadisə olmadığını xatırladan sözçü K. Likien diqqətə çatdırıb ki, bir müddət əvvəl bu ölkənin sualtı qayığı da sualtı dağa çırpılıb.

Çin rəsmiləri hadisənin təfərrüatlarını şərh etməkdən çəkinsələr də, bəzi hərbi ekspertlərin qiymətləndirmələri Çin mətbuatında yer alıb. Çin Xalq Azadlıq Ordusu Dəniz Tədqiqat Akademiyasının baş elmi işçisi Canq Junşi bildirib ki, ABŞ gəmiləri və təyyarələri Sakit okeanın qərbində tez-tez qəzaya uğrayır: “Gərgin əməliyyatlar onları fiziki və ruhi cəhətdən yorur. Bu halda qəzalar baş verir”.

Digər çinli hərbi ekspert Vey Dongşu açıqlamasında deyib ki, qəza “F-35C”-lərin hələ də etibarlı əməliyyat səviyyəsinə çatmadığını və ya pilotların təyyarəni kifayət qədər yaxşı idarə etməyi bacarmadığının göstəricisi ola bilər.

Qeyd edək ki, “Carl Vinson”-un göyərtəsində baş verən qəza “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən “F-35” qırıcılarının sayca 4-cü müəmmalı qəzasıdır. Əvvəllər Yaponiyanın “F-35” təyyarəsi 2019-cu ilin aprelində Sakit okeanda, 2021-ci ilin noyabrında Böyük Britaniyanın “F-35”-i Aralıq dənizində, bu ayın əvvəlində isə Cənubi Koreyaya məxsus daha bir “F-35” qəzaya uğrayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər