12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qərbin elan etdiyi tədbirlərin reallaşması Rusiyanı çökdürə bilər - Professor
Tarix: 29-01-2022 15:38 | Bölmə: Slayd
Qərbin elan etdiyi tədbirlərin reallaşması Rusiyanı çökdürə bilər

“ABŞ və NATO-nun təhlükəsizliklə bağlı Rusiyaya verdiyi cavab ictimaiyyətə açıqlanmasa belə, onun bir hissəsinin nədən ibarət olduğu prinsipcə çoxlarına bəllidir. Çünki ABŞ bu müddət ərzində bir sıra tələblər irəli sürüb, fikirlər açıqlayıb. Hesab edirəm ki, Rusiyaya cavab məktubunda Moskvanın qarşısında Dnestryanı regiondan, Donetsk və Luqanskdən çıxmaq, Krımı boşaltmaq, Abxaziya və Osetiyanı tərk etmək, habelə Qarabağdakı qoşunlarını geri çəkmək tələbi qoyulur”.

Bu fikirləri Reyting.az-a politoloq Qabil Hüseynli deyib.

Professor Q. Hüseynli diqqətə çatdırıb ki, ABŞ-ın Rusiyaya verdiyi cavabdakı digər məqamları da ümumi təxmin etmək olar. Onun fikrincə, Moskvadan açıq tələb olunur ki, dünyanı qarışdırmasın, beynəlxalq münasibətləri və hüquq normalarını pozmasın: “Əvvəl Ukrayna hadisələri fonunda Rusiyaya qarşı belə çağırışlar olub. Məncə, bu çağırışların bir hissəsini cavab məktubunda yazıblar. Açıq mesaj veriblər ki, aqressiv addımlar atılacaqsa, bu, Rusiya üçün ağır nəticələr yaradacaq”.

Q. Hüseynli qeyd edib ki, Qərb ölkələrinin Rusiyaya xəbərdarlığında Ukraynaya müdaxilənin Moskva üçün ciddi nəticələr yaradacağını bildirməsi təsadüfi deyil: “Bu ağır nəticələrin bəzilərini də sıralamaq mümkündür. Ehtimal edirəm ki, rus aqressiyası davam edərsə, Rusiya beynəlxalq pulköçürmə - SWIFT sistemindən çıxarıla, həmçinin digər maliyyə sanksiyaları ilə üzləşə bilər. Daha maraqlısı isə prezident Vladimir Putin də daxil olmaqla Rusiya elitasına qarşı sanksiya planıdır. Bu addımın atılması o mənanı verir ki, Putin xarici səfərlərə gedə bilməyəcək”.

Q. Hüseynlinin fikrincə, qorxulu hallardan biri də Qərbin Ukraynanı silahlandırmaqda davam edəcəyini açıqlamasıdır: “Mesaj verilir ki, regionda vəziyyət kəskinləşəcəyi təqdirdə buna müvafiq addımlar atacağıq. Başqa sözlə, bu gün başda ABŞ olmaqla dünyanın inkişaf etmiş yeddi ölkəsi Rusiyanın aqressiv hərəkətlərini pisləyir, cavab tədbirləri görəcəyini elan edir. Şübhəsiz ki, Moskva formalaşmaqda olan reallıqları dərk edir. Onun müəyyən hədələri, əzələ nümayişi, şantaj və hədə-qorxuları davamlı olmayacaq. Kremldəkilər anlayır ki, indiyə qədər üzləşmədikləri bir durumla üz-üzə qalıblar. Açığı, bu, Rusiya üçün ağır nəticələr törədə bilər. Rusiyaya qarşı belə tədbirlərə əl atmaq onu daxildən çökdürə, yerli xalqlar arasında ciddi etirazlarla nəticələnər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər