12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ruslara qarşı ciddi müqavimət olacaq - Hərbi analitik
Tarix: 29-01-2022 21:55 | Bölmə: Slayd
Ruslara qarşı ciddi müqavimət olacaq

“Hazırda Rusiya-Ukrayna böhranını ciddi və gərgin qiymətləndirirəm. Bunu şərtləndirən bir neçə səbəb var. Qərb illərdir ki, bir sıra model silahları Ukraynaya vermir. Bu addımını belə əsaslandırırdı ki, problemin sülh yolu ilə həll edilməsi lazımdır. Amma qəfildən bir neçə dövlət silahları havayı və ya kreditlə Ukraynaya göndərməyə başladı. Deməli, Qərb Kremlin Ukraynaya hədə-qorxu gəlməsini ciddi qəbul edir. Bu səbəbdən də Ukraynaya “Stinger” daşınan zenit sistemləri, “Javelin” və “NLAV” silahları verilib. Amma mən ümid edirəm ki, proses qaynar müharibə fazasına keçməyəcək”.

Bu sözləri Reyting.az-a hərbi analitik Azad İsazadə deyib.

A. İsazadə hesab edir ki, müharibənin başlaması heç də Ukraynanın işğal olunması mənasını vermir: “Reallıq belədir ki, Ukrayna ordusu tam qələbə çalmaq imkanında deyil, lakin rusların qarşısında kifayət qədər müqavimət təşkil edə biləcək. Belə ssenaridə rusların itkiləri olacaq. Nəzərə alınmalıdır ki, hücum edən tərəf daha çox itki verməlidir. Ruslar hücuma keçsələr bəzi torpaqları işğal edəcək, amma bununla məsələ həll olunmur. Nəzəri baxımdan Ukrayna torpaqlarını işğal etməklə yanaşı onu nəzarət altında saxlamaq lazımdır. Hesab edirəm ki, bu variantda ruslara ciddi müqavimət ola bilər. Ona görə də, arzuediləndir ki, Rusiya rəhbərləri bu amilləri nəzərə alaraq müharibə variantını istisna edəcək”.


A. İsazadə

Hərbi analitik əlavə edib ki, Rusiya neçə aydır Ukrayna sərhədinə ordu toplayıb: “Bu, həm də böyük maliyyə itkisi deməkdir. 100 mindən artıq ordunu çöldə saxlayırlar. Onun saxlanılmasının maliyyəsi var. Burada ümid verən odur ki, ruslar bu addımları açıq edirlər, məxfi formada aparmırlar. Adətən hərbi əməliyyat hazırlayan ölkə çalışır ki, hərbi daşımalar daxil olmaqla hər şeyi məxfi saxlasın. Ruslar isə faktiki bunu açıq edir, güc göstərirlər. Məncə, bu nümayişin Qərbə mesajı odur ki, ya şərtləri qəbul edirsiniz, ya da Ukraynaya hücuma keçirik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər