12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kiyevdən qalxan türk dronu Donbasdakı separatçıları vurub - Fotolar
Tarix: 02-02-2022 12:36 | Bölmə: Slayd
Kiyevdən qalxan türk dronu Donbasdakı separatçıları vurub

Beynəlxalq media Rusiyanın Ukrayna sərhədi yaxınlığında topladığı hərbçilərin peykdən çəkilmiş yeni fotolarını dünyaya təqdim edərkən, Rusiya KİV-ləri yazır ki, Ukrayna “Bayraktar TB2” dronu ilə növbəti dəfə Donbasa hücum edib.

Reyting.az
xəbər verir ki, Rusiya lideri Vladimir Putin ABŞ-ı ölkəsini müharibəyə sürükləməkdə ittiham etdiyi bir vaxtda “France-Presse” (AFP) agentliyi cəbhə xəttindən yeni fotoşəkillər yayıb.



“Planet Labs” PBC-in kadrlarında Krım ətrafındakı vəziyyət xüsusilə diqqəti çəkir. 2014-cü ildə işğal olunan Krımdakı Rusiya hərbi bazası Opuk və Novozernoedə yüzlərlə hərbi maşın var. Peykdən çəkilmiş fotolarda Rusiya tərəfindən Ukraynanın şimalında - Klintski şəhərindəki təlim düşərgəsinə topladığı rus hərbçiləri görünür. Hərbi birləşmənin başqa bir ünvanı Voronejdəki Poqnovo düşərgəsidir.

Agentlik qeyd edir ki, bütün fotoşəkillər çərşənbə axşamı (1 fevral) Ukraynanın şərqində, şimal-şərqində və şimalında peykdən çəkilib.



Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan saytda “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) haqqında xəbər verilir. Bildirilir ki, Türkiyədən çoxlu sayda “Bayraktar TB2” alan Ukrayna ordusu bazar ertəsi yerli vaxtla saat 14:00 radələrində Donbasdakı rusiyapərəst separatçıları növbəti dəfə hədəfə alıb.

Xəbərdə “Bayraktar TB2” dronunun Kiyev yaxınlığındakı hava bazasından qalxaraq “Donetsk Xalq Respublikası”nın mövqelərini vurduğu bildirilir.

Hücum zamanı rusiyapərəst separatçı hərbçilərdən birinin öldüyünü iddia edən sayt, son vaxtlar Donbas səmasında daha çox Ukraynaya məxsus “Bayraktar TB2”-lərin göründüyünü yazıb.



Xatırladaq ki, bundan əvvəl Rusiya mətbuatı yanvarın ortalarında Türkiyədən qalxan “Bayraktar TB2” PUA-sının Krım sahillərindən keçərək Ukraynanın Zaporoji hərbi bazasına endiyini iddia edib. Məlumata görə, yanvarın 12-də həyata keçirilən uçuş Türkiyənin Dalaman məntəqəsindən başlayıb və Qərbdən Qara dənizi keçərək Ukrayna ərazisinə çatıb. “Bayraktar TB2”-nin NATO ölkələrinin hava məkanlarından istifadə etdiyi iddia olunur.

Onu da qeyd edək ki, Türkiyədən “Bayraktar TB2” dronları alan Ukrayna ilk dəfə 2021-ci ilin oktyabrında Donbasda rusiyapərəst separatçılara qarşı hücuma keçib və bu, Rusiyada ciddi narahatlıq yaradıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər