12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Türkiyə ilə sərhəddə xüsusi əməliyyat keçirib - Çoxsaylı ölən və yaralılar var
Tarix: 03-02-2022 12:37 | Bölmə: Slayd
ABŞ Türkiyə ilə sərhəddə xüsusi əməliyyat keçirib - Çoxsaylı ölən və yaralılar var

2019-cu ilin oktyabr ayında terror təşkilatı olan İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadini hədəf alan ABŞ-ın rəhbərlik etdiyi koalisiya bu gecə Türkiyə-Suriya sərhədində növbəti əməliyyat keçirib.

Reyting.az
xəbər verir ki, gecə yarısı havaya qaldırılan helikopterlər Suriya-Türkiyə sərhədindəki Atmeyə enib. “Əl-Qaidə” ilə əlaqəli qruplarla toqquşmalarda ən azı 12 nəfər ölüb. Pentaqon (ABŞ Müdafiə Nazirliyi) bu gün səhər əməliyyat keçirdiyini təsdiqləyib. Amma Amerika əsgərləri arasında ölən və yaralının olmadığı bildirilib.



Gecə saat 04.32-də “təcili vəziyyət” kodu ilə dünyaya elan edilən basqına qatılan helikopterlər Suriyanın şimalındakı ABŞ bazasından havaya qaldırılıb. Amerika helikopterləri Türkiyə sərhədinin sıfır nöqtəsində yüz minlərlə suriyalının məskunlaşdığı Atmeyə enib. Müxalifətin nəzarətindəki İdlibdə keçirilən əməliyyatda ABŞ əsgərlərinin hədəfi “Əl-Qaidə” terror təşkilatına bağlı qruplar olub. Gecə yarısı başlayan qarşıdurma saatlarla davam edib, partlayışlar sərhədin hər iki tərəfində əks-səda verib.

Atme sakinlərindən biri çoxsayı insanın öldüyünü, digəri isə çoxmərtəbəli binanın dağıntıları arasında ən azı 12 cəsəd gördüyünü deyib.

“Əl-Qaidə” ilə əlaqəsi olan yaraqlıların öldürülüb-öldürülmədiyi hələ ki, bəlli deyil. Öldürülənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Əməliyyatdan əvvəl bölgədə ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasına aid döyüş təyyarələrinin uçduğu məlum olub. Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu “F-16” döyüş təyyarələrinin İdlib və Hələb səmalarında peyda olduğunu bildirib.

Pentaqon İdlibdəki əməliyyatı təsdiqləyərək elan edib ki, missiya uğurla tamamlanıb və ABŞ əsgərlərindən itki yoxdur.

ABŞ Dövlət Departamenti əməliyyatla bağlı şərh sorğusuna hələ cavab verməyib.

Beynəlxalq xəbər agentlikləri ABŞ helikopterlərinin eniş etdiyi İdlibin xarici radikal silahlıların məskəni olduğunu vurğulayır. Geniş mühacir çadırlarının olduğu Atmedə sığınacaqlarda qalanların sayı bir 1 milyonu keçib.



Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun baş eksperti Çarlz Lister deyir ki, iki saatdan çox davam edən əməliyyat əl-Bağdadinin qətlindən sonra ən böyük əməliyyatdır.

Bir daha xatırladaq ki, Amerika xüsusi təyinatlıları əl-Bağdadini 2019-cu ilin oktyabrında keçirdiyi əməliyyatla Suriyanın İdlib şəhərində gizləndiyi evdə güllələyib.

Ötən il oktyabrın 24-də “Əl-Qaidə”nin yüksək səviyyəli lideri Əbdülhəmid əl-Matar dronla hücum əməliyyatı ilə öldürülüb.




Bölməyə aid digər xəbərlər