12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Onlara güvənirik, torpaqlarımızı işğaldan azad etdilər”
Tarix: 03-02-2022 14:47 | Bölmə: Slayd
Deputat: “Onlara güvənirik, torpaqlarımızı işğaldan azad etdilər”

“Dünən cənab prezident İlham Əliyev Azərbaycan gənclərinin bir qrupu ilə çox əhəmiyyətli görüş keçirdi. Həmin görüş kifayət qədər geniş oldu, prezident gənclərimizin suallarını cavablandırdı, onları maraqlandıran məsələlərə dair fikirlərini açıqladı, tövsiyələrini verdi”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov dünən prezident İlham Əliyevin Gənclər Forumunda iştirakı və çıxşı haqqında danışarkən deyib.

Deputat xatırladıb ki, həmin görüşdə Azərbaycan prezidenti Qarabağ müharibəsi kontekstində Azərbaycan gənclərinin vətənpərvərliyi, vətənə, dövlətə və torpağa bağlılığını xüsusilə vurğulayıb: “Qarabağdan olan deputat kimi mən də bu məqama vurğu etmək istərdim. Bu, çox vacib amildir. Cənab prezident gənclərimizin fəaliyyətini layiqincə qiymətləndirdi. O, qeyd etdi ki, gənclərimizin vətənpərvərliyi, vətənsevərliyi və mübarizliyi 44 günlük müharibədə qələbimizin əldə olunmasında vacib şərtə çevrildi. Bu, həqiqətən belədir. Cənab prezident bu baxımdan gənclərimizə layiq olduğu qiyməti verdi”.

E. Məmmədovun sözlərinə görə, prezident haqlı olaraq deyib ki, müharibədə gənclərimizin vətənpərvərliyi xüsusi əhəmiyyət daşıyıb: “Bəli, mümkündür ki, ordunu ən müasir silahlarla təmin edərsən, ancaq hərbçi, əsgər vətənpərvər deyilsə və onda qələbə ruhu yoxdursa, heç vaxt müharibədə qalib gələ bilməz. Hətta əlində ən modern silahlar olsa belə. Müharibədə vacib şərt vətənpərvərlik, yüksək döyüş əhval-ruhiyyəsidir. Azərbaycan gəncliyi 44 günük müharibədə vətənpərvərliyini, vətənə və dövlətə bağlılığını, sədaqətini və qələbə əzmini ortaya qoydu. Həmin hərbi əməliyyatlarla mümkün olmayanı etdi. Bunun hamısı gəncləyimizin cəsarəti, qeyrəti və igidliyi sayəsində oldu”.

Deputat onu da deyib ki, hazırki Azərbaycan gəncliyi ölkəmiz müstəqillik əldə etdikdən sonra doğulanlardır: “Hesab edirəm ki, onların vətənpərvər, torpağa bağlı, mübariz və qətiyyətli olması həm də son 30 ildə aparılan ideoloji fəaliyyətin nəticəsidir”.

E. Məmmədov sonda əlavə edib ki, gənclərimizlə fəxr edir, qürur duyur: “Həm də onlara güvənirik. Bayrağımızı dalğalandırdılar, torpaqlarımızı işğaldan qanları və canları sayəsində azad etdilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər