12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya ilə danışıqlar dayanır - Tərəflər yenidən güc nümayişinə başlayır
Tarix: 09-02-2022 16:23 | Bölmə: Slayd
Rusiya ilə danışıqlar dayanır - Tərəflər yenidən güc nümayişinə başlayır

Rusiya və Qərb ölkələri arasında Ukrayna böhranına dair danışıqlar prosesinin ardınca, fevralın 10-dan hər iki tərəf güc nümayişinə start verəcək.

Reyting.az
-ın xəbərinə görə, artıq NATO tankları Rusiya sərhəddi yaxınlığında təlimlərə başlayıb. Belə ki, Britaniya və Fransa tankları keçmiş Sovet İttifaqının üzvü Estoniyada peyda olub.

“Agence France-Presse” (AFP) bildirir ki, Rusiya sərhədindən cəmi 100 kilometr məsafədə yerləşən NATO təlimində Britaniya və Fransa tankları iştirak edib. “Qış düşərgəsi” adlanan təlimdə Estoniya, İngiltərə və Fransadan 1300 əsgərin iştirak etdiyi bildirilir.



Digər Avropa ölkəsi Almaniyada Müdafiə naziri Kristin Lambrext Munsterdə Tank Təlim Briqadasına baş çəkib. Səfərin ən diqqət çəkən məqamı nazirin tank sürməsi olub. NATO üzvü Almaniya Rusiya ilə həmsərhəd olan alyansın digər üzvü - Litvaya əlavə 350 əsgər göndərib.

Rusiya da sakit dayanmır. Sabahdan Rusiya və Belarus birgə hərbi təlimlərə start verəcək. Təlimlərdə Rusiya tərəfindən 30 min əsgərin iştirakı gözlənilir.

Ukrayna ordusu da buna qarşılıq olaraq sabahdan 10 günlük hərbi təlimlər elan edib.

Adı açıqlanmayan iki ABŞ rəsmisi bu həftənin əvvəlində Rusiyanın hərbi potensialının 70 faizə çatdığını və bunun Ukraynaya genişmiqyaslı işğala başlamaq üçün kifayət etdiyini söyləyib. Fevralın ortalarında sərhəd bölgəsinin əsasən hava şərtləri səbəbindən donacağı, Rusiyanın çay və göllərdən “asanlıqla ağır silahlar və iri texnika daşıya biləcəyini” deyən rəsmilərin iddiasına görə, Rusiya bir neçə həftə ərzində Ukraynanı işğal etməyə hazır olacaq. Hazırlıqlar böyük ölçüdə tamamlansa da, Rusiya lideri Vladimir Putinin işğalla bağlı yekun qərar verib-vermədiyi məlum deyil. Rusiya prezidenti deyir ki, məsələnin diplomatik yolla həlli hələ də mümkündür.



Bununla belə, rəsmilərin fikrincə, hava şəraiti Rusiyanın fevralın 15-dən martın sonuna kimi daha da çox qoşun toplamasına zəmin yaradacaq. Bu tarixdən sonra başlayacaq mümkün işğalın 50 minə qədər mülki şəxsin ölümünə səbəb olacağı xəbərdarlığı da edilir.

ABŞ-ın iki rəsmisi xəbərdarlıq edir ki, Kiyev bir neçə gün ərzində çökə və bu, milyonlarla insanın evlərini tərk etməsi ilə Avropaya yeni miqrant axınına səbəb ola bilər.

Onu da qeyd edək ki, Moskva administrasiyası bəzi tələblər irəli sürür, o cümlədən Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq və ittifaqın Şərqi Avropada hərbi mövcudluğunu azaltmaq. Qərb isə bu tələbləri rədd edir və əvəzində nüvəsizləşdirmə üzrə danışıqlar təklif edir. Birləşmiş Ştatlar və müttəfiqləri isə Rusiya Ukraynanı işğal edərsə, onu iqtisadi sanksiyalarla hədələyir. Bəzi maliyyə sanksiyaları ilə yanaşı, Rusiya təbii qazını Almaniyaya nəql edən “Şimal axını-2” layihəsinin açılışına icazə verilməməsi də tətbiq olunacaq sanksiyalar arasındadır.





Bölməyə aid digər xəbərlər