12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sülhməramlıların Xankəndi ətrafında hərbi təlimlər keçirməsi özbaşınalıqdır
Tarix: 11-02-2022 22:42 | Bölmə: Slayd
Sülhməramlıların Xankəndi ətrafında hərbi təlimlər keçirməsi özbaşınalıqdır

“Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində hər hansı bir aktiv əməliyyat və ya təlim keçirməsi bizim qanunlarımızın pozulmasıdır, beynəlxalq hüququn çıxdaş edilməsi, sülhməramlılar haqqında beynəlxalq sənədlərə məhəl qoyulmamasıdır. Belə təlimlər yalnız və yalnız Azərbaycan dövlətinin razılığı əsasında keçirilə bilər”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu xatırladıb ki, əslində Rusiya prezidenti Putinin göstərişi ilə sülhməramlı qüvvələrin tərkibi iki ildən bir dəyişir: “Buna görə də, onlar Rusiya ərazisində hərbi təlimlər keçdikdən sonra Qarabağa gələn missiyanı davam etdirə bilərlər. İndiki halda sülhməramlıların Xankəndi ətrafında hansısa təlimlər keçirməsi özbaşınlıqdır. Artıq neçənci dəfədir ki, belə özbaşına hərəkətlərə rast gəlirik”.

ADP sədri qeyd edib ki, belə təlimlər əslində mesaj deyil, sadəcə özbaşınalıqdır:

“Rusiyanın əsas məqsədi Xankəndi iqtisadi zonasını ələ keçirməkdir. Ən azından orada yer almaq, hərbi mövcudluğu üçün hüququ status əldə etməkdir. Hələlik haqlı olaraq Azərbaycan buna müqavimət göstərir, imkan vermir. Ruslar da belə hərəkətləri ilə özbaşınalıq edirlər. Mənə elə gəlir ki, biz orada getdikcə Rusiyanın hərbi fəaliyyətini məhdudlaşdırmalı, Azərbaycan suverenliyini addım-addım Xankəndi iqtisadi zonasında təmin etməliyik. Bunun başqa bir yolu yoxdur”.

Qeyd edək ki, Rusiya sülhməramlıları Qarabağdakı poliqonda atıcı silahlardan və BTR-82A-ların iştirakı ilə təlim keçiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumatda Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin atıcı silahlardan atəş hazırlığı üzrə təlimlər keçirdikləri diqqətə çatdırılıb. Təlimlərə 10-a yaxın hərbi və xüsusi texnikanın cəlb olunduğu da qeyd edilib.





Bölməyə aid digər xəbərlər