12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Təhlükəli oyun: Rusiyanın Ukraynaya hücum tarixinin açıqlanması başqa məqsədlərə xidmət edir
Tarix: 18-02-2022 17:50 | Bölmə: Slayd
Təhlükəli oyun: Rusiyanın Ukraynaya hücum tarixinin açıqlanması başqa məqsədlərə xidmət edir

Hazırda dünyanın əsas diqqəti Ukrayna sərhəddində baş verənlərə yönəlib. ABŞ prezidenti Cozef Baydenin “İşğal hər an başlaya bilər”, - açıqlamasından sonra gərginlik daha da artıb. ABŞ mətbuatı müharibənin başlaya biləcəyi yeni tarixi yazdıqdan sonra isə Donbasda vəziyyət kritik həddə çatıb və son 24 saat ərzində atəşkəs 60 dəfə pozulub.

Reyting.az
xəbər verir ki, həftə ərzində davam edən diplomatik təmaslar müsbətə doğru müəyyən ümidlər yaratsa da, gərginlik yenidən artır.

“Politico” nəşrinin ekspert rəyinə görə, fevralın 20-də Rusiya Ukraynanı işğal etməyə başlaya bilər. Qeyd olunur ki, Rusiya-Belarus təlimləri fevralın 20-də başa çatır və bundan sonrakı dövr nəzərə alınmalıdır.

Bir çox ekspertlərin iddiasına görə isə, Qərbin “müharibənin başlayacağı tarixləri” açıqlamaqda məqsədi Rusiyanı işğala cəhddən çəkindirməkdir.

Türk analitik Şuay Nilhan Açıkalın sözlərinə görə, son bir neçə ayda müşahidə olunan “tarixi açıqlama strategiyası”na münaqişələrin xronologiyasında tez-tez rast gəlinir.

İddia olunur ki, tarix açıqlamağın ABŞ və NATO üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər. Açıkalın deyib ki, ən əhəmiyyətli müsbət nəticələrdən biri Rusiya təhlükəsini isti və canlı saxlamaqla, uzun müddətdir davam edən Avropa və Transatlantik təhlükəsizlik fərqlərini qismən azaltmaqdır. Bu mənada Ukrayna böhranı soyuq müharibə dövründən bəri “ümumi təhlükə” yaratmaqda problemlər yaşayan Qərb ittifaqı üçün bir araya gəlmək baxımından mühüm fürsətdir.

Mütəxəssis qeyd edib ki, açıqlanan tarixlər davamlı olaraq dəyişir, Rusiyanın bu açıqlamalara cavab kimi hərbi addım atmaması, hətta Putinin ABŞ-ın tarix açıqlama taktikasına yumoristik cavab verməsi ABŞ-ın beynəlxalq sistemdəki etibarına ciddi zərbə vura bilər. “Bunun ən əhəmiyyətli mənfi təsiri Ukrayna xalqı üçündür. Daimi işğal təhlükəsi altında olan bir ölkənin iqtisadi və sosial cəhətdən inkişaf etməsi demək olar ki, qeyri-mümkündür. İşğalın nə qədər dağıdıcı təsir göstərəcəyini təxmin etmək olar. O, insanların psixologiyasına da təhlükə yarada bilər”.

“Unutmamalıyıq ki, sanksiya təhdidlərinə baxmayaraq, Rusiya son zamanlar Osetiya və Krımı ilhaq edib. O, təsirli bir yüksək hərbi qüdrətə malik və ön sıralarda olan hərbi qüvvə, aktyordur. Ona görə də bu taktika Rusiyanı hazırda təzyiq altında qoysa da, uzunmüddətli perspektivdə davamlı deyil”, - deyən analitik bildirib ki, 2014-cü ildə Krımın ilhaqından və 2015-ci ildə Minsk müqaviləsinin pozulmasından sonra regionda kiçik və orta miqyaslı münaqişələr davam edir: “Bu reallığa əlavə olaraq deyə bilərəm ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal cəhdinə başlaması o qədər də real deyil. Nəzərə alsaq ki, Rusiya “dondurulmuş münaqişələrdən” öz xeyrinə çox səmərəli istifadə edən aktyordur, gözləmək olar ki, Ukraynaya genişmiqyaslı işğalın siyasi, iqtisadi və diplomatik nəticələrini daşımaqdansa, uzunmüddətli perspektivdə Osetiyada olduğu kimi Donbass regionunda da dondurulmuş münaqişə mühitindən yararlanmağa üstünlük verəcək”.

Qeyd edək ki, bir müddət əvvəl durumu qiymətləndirən rusiyalı analitik Mark Qaleottinin fikrincə, Kremlin Ukraynaya hücumu halında Nasist Almaniyasının İkinci dünya müharibəsində Belçika və Fransanın işğal üçün istifadə etdiyi “Blitzkrieg” taktikasına bənzər bir yolla gedə bilər. Qaleotti belə bir planın masada olmasına baxmayaraq, işğal variantını çox aşağı gördüyünü qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər