12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Rusiya Ukraynaya müdaxilə edərsə...”
Tarix: 18-02-2022 19:05 | Bölmə: Slayd
Professor: “Rusiya Ukraynaya müdaxilə edərsə...”

“Rusiyada aparılan sosioloji sorğular göstərir ki, əhalinin 91 faizi Ukrayna ilə müharibənin əleyhinədir. Bu ciddi rəqəmdir və nəzərə alınmaya bilməz. Digər tərəfdən, Rusiya müxalifəti - onlar görünməsə də, internet resurslarında müharibəyə qarşı çıxış edirlər. Bu da vacib məqamdır. Ən əsası, Rusiyada 15 milyona yaxın ukraynalı yaşayır və onlar müharibənin olmasını arzu etmirlər. Zənnimcə, Rusiya idarəçiləri bu məqamları nəzərə almağa məhkumdur”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.

O, diqqəti bir müddət əvvəl bəyanat verən istefada olan general İvaşovun müraciətinə də çəkib: “İvaşov Rusiya ordusunun tanınmış simasıdır, bir zamanlar Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında yüksək postlarda çalışıb. General-polkovnikdir və istefada olan zabitlər məclisinin sədridir. O, açıq elan edir ki, belə bir müharibə Rusiya üçün fəlakətlərə yol aça bilər. Üstəlik, müraciətində Putini istefa verməyə səsləmişdi. Bütün bunlar göstərir ki, Rusiya müharibə istəmir”.

Q. Hüseynli əlavə edib ki, Rusiya əhalisi, onun ayrı-ayrı qurumları, ictimaiyyət nümayəndələri öz yerində, elə Rusiyanın zəngin insanları da müharibəyə qarşıdır:

“Təsəvvür edin ki, Rusiya Ukraynaya müdaxilə edərsə, bu zaman ölkəyə qarşı öldürücü sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalar hamıya zərər verəcək, ən çox da Rusiya inhisarçılarına və oliqarxlarına. Bu baxımdan, indi rus oliqarxlar şokdadır. Onlar bilirlər ki, mümkün müharibə oliqarxların dünyaya çıxış qapısını bağlayacaq. Bunu isə heç kəs arzulamır. Bu mənada dəqiq demək olar ki, Rusiyada mütləq əksəriyyət müharibə istəmir”.

Professor sonda qeyd edib ki, Rusiya hakimiyyətinin müharibə ilə bağlı hansı qərar verəcəyini dəqiq proqnozlaşdırmaq çətindir: “Hətta rus jurnalistlər bəzən qeyd edirlər ki, belə bir müharibə Rusiyanın indiki hökumətinin iflasına səbəb olardı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər