12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dünyanın başqa bir bölgəsində də gərginlik başlayır
Tarix: 19-02-2022 13:17 | Bölmə: Slayd
Dünyanın başqa bir bölgəsində də gərginlik başlayır

Ukrayna böhranı səbəbindən Qərbin təzyiqinə məruz qalan Rusiya ABŞ ətrafındakı Latın Amerikası ölkələri ilə münasibətlərini gücləndirir. Reyting.az xəbər verir ki, qərbli analitiklər Rusiyanın bu addımını ABŞ-ın “arxa bağçasına soxulmaq” cəhdi kimi qiymətləndirirlər.

“The New York Times” yazır ki, Rusiya lideri Putinin Latın Amerikası istiqamətində diplomatik addımı ABŞ-a meydan oxumaq cəhdidir.

Bildirilir ki, Ukrayna probleminə görə Qərb ölkələri ilə qarşı-qarşıya gələn Rusiya son vaxtlar dünyanın başqa bir yerində öz gücünü artırmağa çalışır. Ukrayna böhranının Latın Amerikasında da ABŞ-Rusiya mübarizəsini canlandırdığını yazan qəzet, Rusiya prezidenti Vladimir Putinin son vaxtlar bölgənin bir çox liderləri ilə görüşdüyünə diqqət çəkir. Qeyd olunur ki, Putin son həftələrdə Nikaraqua, Venesuela və Kuba liderləri ilə telefonla danışıb. Bu ayın əvvəlində Moskvada Putinlə görüşən Argentina prezidenti Alberto Fernandes isə ölkəsinin ABŞ-dan iqtisadi asılılığını azaltmağa söz verib. Nəhayət, Putin çərşənbə günü braziliyalı həmkarı Jair Bolsonaronu qəbul edib. İki lider arasındakı səmimiyyət görüntülərdə əks olunarkən, ABŞ rəsmilərinin tənqidlərinə baxmayaraq, Moskva turundan əl çəkməyən Bolsonaro Rusiya ilə həmrəy olduqlarını açıqlayıb.

“The New York Times” qeyd edir ki, Ukrayna böhranında gərginliyin artdığı bir vaxtda Putin Braziliya və Argentina kimi ümumilikdə ABŞ-a yaxın olan ölkələrlə sıx əlaqələr qurmaq üçün diplomatik səylərini artırır.

Xatırladaq ki, Rusiyanın Latın Amerikasına nüvə silahı göndərə biləcəyi iddiası bundan əvvəl də mətbuatda əksini tapıb. Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov ötən ay deyib ki, Moskvanın tələbləri yerinə yetirilməsə, Rusiyanın ABŞ-a yaxın olan Kuba və Venesuelaya qoşun yeritməsi ehtimalı gündəmə gələ bilər.

“The New York Times” xatırladır ki, Rusiya ABŞ-a qarşı bölgə ölkələrindən hələ Sovet İttifaqı dövründə qurulan əlaqələrdən faydalanır. Təhlildə qeyd olunur ki, Rusiya ən azı beş Latın Amerikası ölkəsindən istifadə edir.

Kolumbiyanın İcesi Universitetinin professoru Vladimir Rouvinski deyib:

“Putin Latın Amerikasının Birləşmiş Ştatlar üçün mühüm ərazi olduğunu bilir. Ona görə də Ukraynada baş verənlərə qarşı bu addımı atır”.

Digər tərəfdən, qəzetin təhlilində bildirilir ki, Putinin səylərinə baxmayaraq, Rusiyanın Latın Amerikası ilə iqtisadi əlaqələri hələ də ABŞ və Çindən xeyli geri qalır. 2019-cu ildə Cənubi Amerikadan Rusiyaya 5 milyard dollar ixrac edildiyi halda, bu rəqəm ABŞ ilə 66 milyard, Çinlə 119 milyard dollar olub.

Çinin son illərdə Latın Amerikası ölkələrində infrastruktura milyardlarla dollar sərmayə qoyduğu bildirilir.

Qeyd edilir ki, Rusiyanın regionla münasibətləri daha çox siyasi müttəfiqlik kimi formalaşıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər