12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Təxribatlara start verilib - Ukraynaya hücuma əsas yaradırlar
Tarix: 19-02-2022 15:22 | Bölmə: Slayd
Təxribatlara start verilib - Ukraynaya hücuma əsas yaradırlar

Ukrayna ərazisindəki saxta rejimlər - Donetski və Luqanksi “respublikaları”nın Atəşkəsə Nəzarət və Koordinasiya Birgə Mərkəzi iddia edir ki, Donbasın 10-dan çox yaşayış məntəqəsi atəşə tutulub.

Reyting.az
xəbər verir ki, separatçı rejimlərin iddiasına görə, Ukraynanın hərbi bölmələri şənbə günü gecə və səhər Donetsk və Luqansk “xalq xespublikaları”nı iri çaplı artilleriyadan atəşə tutmaqda davam edib. Atəşkəsə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki “DXR” və “LPR” nümayəndələri bildiriblər ki, 10-dan çox yaşayış məntəqəsi atəşə məruz qalıb.

Separatçı rejimlərin rəhbərləri əhalinin Rusiyaya təxliyəsinə başlayıb. Onlar, şənbə günü səhər Ukrayna təcavüzünü dəf etmək üçün ümumi səfərbərlik də elan ediblər.

Separatçıların iddiasına görə, ötən gecə Ukrayna tərəfdən cəbhə bölgəsinə 250-yə yaxın sursat atılıb, o cümlədən Minsk razılaşmalarına əsasən, təmas xəttindən xeyli aralıda yerləşdirilməli olan 122 millimetrlik artilleriyadan atəş açılıb. Bildirilir ki, Donetskin cənubundakı Kominternovo kəndinə hücum nəticəsində 1938-ci il təvəllüdlü mülki şəxs qəlpə yarası alıb.

“Yasinovataya yaxınlığındakı Vasilievka kəndində Cənub-Donbas su kəmərinin birinci liftinin Vasilievskaya nasos stansiyası atəşə tutulub. Bütün qəsəbə kimi stansiyanın enerjisi kəsilib. Bu, Donbasın təmas xəttinin hər iki tərəfində yerləşən 40 yaşayış məntəqəsinin su təchizatını təhlükə altına qoyur”, - bunu bu gün Luqanksi separatçılarının “milli idarə”si bildirib. Əlavə olunur ki, Vasilyevski nasos stansiyasının bağlanması ilə əlaqədar Donetsk filtrasiya stansiyası ehtiyat su təchizatına keçirilib.

Qeyd olunur ki, şənbə günü səhər saatlarında Ukrayna bölmələri “Luqansk Xalq Respublikası”nın məsuliyyət zonasında atəşkəs rejimini 8 dəfə pozub. İddiaya görə, bu zaman minaatanlardan və 122 millimetrlik artilleriyadan istifadə olunub.

Şənbə günü gecə Luqanskda qaz kəməri partladılıb. Rus mediası yazır ki, ən azı üç partlayış baş verib. Xüsusilə, Malaya Verqunka ərazisindəki Frunze küçəsində qaz kəməri iki yerdə partladılıb. Bundan təxminən yarım saat sonra Kamennobrodski rayonunun Veseloqorovskaya küçəsində də partlayış olub. Partlayışlar nəticəsində güclü yanğınlar başlayıb. “Luqanskqaz”ın məlumatına görə, 100-ə yaxın abonent qaz təchizatı sistemindən müvəqqəti olaraq ayrılıb.

Separatçıların “xalq milis idarəsi”nin rəis müavini Eduard Basurinin jurnalistlərə verdiyi məlumata görə, Ukrayna ordusu təxribatların köməyi ilə mülki əhali arasında panika yaratmağa çalışır. O, çaxnaşmanı artırmaq üçün dinc əhalinin təxliyəsi zamanı Donetskin bir sıra rayonlarında təbliğat vərəqələrinin yayılmasına cəhd edildiyini də bildirib. Basurin qeyd edib ki, günün əvvəlindən Ukrayna bölmələri iriçaplı artilleriya və minaatanlardan Donetskə 14 dəfə atəş açıb.

“Bundan əlavə, şənbə günü Rostov vilayətinin sərhəd bölgəsində mərmi partlayıb. Partlayış Rostov vilayətinin Tarasovski rayonu ərazisində, Rusiyanın Ukrayna ilə dövlət sərhədindən bir kilometr məsafədə baş verib. Partlayış saat 04:00-da Mityakinskaya kəndindəki təsərrüfatların birindən 300 metr aralıda olub”, - TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd edək ki, baş verənlərin Rusiya tərəfindən dəstəklənən və himayə olunan Donbas separatçılarının təxribatı kimi qiymətləndirilir. İddia olunur ki, separatçıların bu təxribatları Rusiyanın Ukraynaya müdaxiləsi üçün əsaslar yaratmağa hesablanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər