12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Azərbaycan Qarabağdakı separatçıların başını əzməlidir” - Partiya sədri
Tarix: 21-02-2022 17:41 | Bölmə: Slayd
“Azərbaycan Qarabağdakı separatçıların başını əzməlidir”

“Son zamanlar Qarabağın dağlı hissəsində separatçıların fəallaşması, yeni təxribatlar törətməsi müşahidə edilir. Fikrimcə, Azərbaycan tərəfi bununla bağlı Rusiyaya xəbərdarlıq etməlidir. Onlardan tələb olunmalıdır ki, Rusiya sülhməramlıları öz vəzifə borcunu yerinə yetirsin”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Qarabağdakı erməni separatçılarının son günlər törətdikləri təxribatlardan danışarkən deyib.

A. Əlizadə hesab edir ki, Azərbaycan tərəfi bu kimi təxribatlara sərt reaksiya verməli, lazım gələrsə, terror və müxtəlif hərbi cinayətlərə əl atan separatçıların başını əzməlidir.


A. Əlizadə

Partiya sədrinin fikrincə, separatçılar müxtəlif təxribatlar üzərində siyasət qururlar: “Orada revanşist hisslərlə yaşayanlar var və onlar göstərmək istəyirlər ki, qüvvədirlər, nələrəsə nail ola bilərlər. Amma böyük səhv edirlər.

Əlbəttə, Ermənistan rəhbərliyi də vəziyyəti müşahidə edir. Düzdür, xalq Baş nazir Paşinyanın arxasındadır, ancaq təəssüflər olsun ki, o, zəif siyasətçidir, revanşistlərə qarşı sərt tədbirlər görə bilmir”.

A. Əlizadənin ehtimalına görə, separatçılar bu kimi addımlarla bölgədə Rusiya və Azərbaycanı qarşı-qarşıya gətirmək istəyirlər: “Mümkündür ki, belə niyyətləri var. Amma iş ondadır ki, Rusiya Azərbaycanla üz-üzə gəlmək istəməz. Rusiya birmənalı olaraq dedi ki, Ermənistan tərəfindən bu işə qarışmayacaq. Ona görə də biz qələbə qazandıq. Əgər ruslar 44 günlük müharibədə ermənilər tərəfindən prosesə qarışsaydı, biz çətinlik çəkəcəydik”.

ASDP sədri sonda əlavə edib ki, Azərbaycan separatçıların təxribatçı hərəkətlərinə qarşı günün birində hərəkətə keçsə, Rusiya yenə susacaq və müdaxilə etməyəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər