12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Böyük münaqişə riski realdır” - Rusiyanı Təhlükəsizlik Şurasında təkləyiblər
Tarix: 22-02-2022 17:50 | Bölmə: Slayd
“Böyük münaqişə riski realdır” - Rusiyanı Təhlükəsizlik Şurasında təkləyiblər

Rusiyanın Donetsk və Luqanskdakı “xalq respublikaları”nı tanımaq qərarından sonra BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirib.

Reyting.az
xəbər verir ki, görüşdə ABŞ və Rusiya arasında sərt müzakirələr olub.

“Ukrayna ilə Rusiya arasında yaşananlar son dərəcə təhlükəlidir. Biz regionda baş verən proseslərdən son dərəcə narahatıq. Qarşıdakı saatlar və günlər kritik olacaq. Böyük münaqişə riski realdır və nəyin bahasına olursa-olsun qarşısını almaq lazımdır. Biz Rusiyanın bölgəyə “sülh missiyası” adı altında qoşun yeritmək qərarından dərin narahatlıq və dərin kədər hissi keçiririk”,- iclasın açılış nitqi ilə çıxış edən ABŞ-ın BMT-dəki keçmiş səfiri və BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari Di Karlo deyib.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Qrinfild də Rusiyanı sərt tənqid edib:

“Ukraynanın ərazi bütövlüyü təxribata məruz qala bilməz. Putin bütün dünyanın keçmişə qayıtmasını istəyir, amma biz artıq 90-cı illərdə deyilik. BMT müstəmləkəçiliyə son qoymaq üçün yaradılmış bir təşkilatdır. BMT üzvləri olaraq biz ona görə bir yerdəyik ki, keçmişə qayıtmayaq.

Ukraynada 3 milyon ukraynalı sığınacaq və yeməyə ehtiyac duyur. Rusların hücumları artıb və dinc sakinlər həlak olur. Bunun daha da artacağını düşünürük. Əgər Rusiya işğala davam etsə, biz daha çox dağıntı və əzab görəcəyik. Dəfələrlə xəbərdarlıq edilsə də, Rusiya geri çəkilmədi. Putin beynəlxalq sistemi sınaqdan keçirir. Son bir neçə həftədə biz BMT Təhlükəsizlik Şurasında birgə çağırışlar eşitdik. BMT-yə, o cümlədən Rusiya ilə əməkdaşlıq edən ölkələrə hörmət edilməlidir. Sabah ABŞ Rusiyanı məsuliyyətə cəlb etmək üçün daha da çətin qərarlar qəbul edəcək. Biz bunu əvvəldən bəyan etmişik. Rusiya çox sərt reaksiya ilə üzləşəcək. Ukraynaya hücum BMT-nin istənilən ölkəsinə edilən hücumdur”.

Fransanın BMT-dəki nümayəndəsi Nikolas Riviere Rusiyanın qərarını qınadıqlarını ifadə edib: “Ukraynanın varlığını təqdir edirəm. Fransa Rusiyanın separatçı respublikalarını tanımasını pisləyir. Bu, təkcə Ukrayna ərazisinin işğalı deyil, həm BMT qətnamələrinin, həm də Minsk razılaşmalarının pozulmasıdır”.

İclasda Rusiyaya qarşı ən sərt bəyanatı İngiltərənin BMT-dəki nümayəndəsi Barbara Vudvord verib. Böyük Britaniyanın Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq edəcəyini bildirən Vudvord deyib ki, Rusiyanın seçdiyi hərəkətlərin çox ciddi nəticələri olacaq:

“Ukrayna ərazisinin işğalının humanitar nəticələri ağır olacaq. BMT-yə üzv olan dövlətin ərazi bütövlüyünün zədələnməsi öz nəticələrini verəcək. Rusiyanın qərarları Ukraynanın suverenliyinin pozulmasıdır. Bu gün atılan addımlar Rusiyanın Budapeşt müqaviləsi və Minsk razılaşmalarının pozulmasıdır. Rusiya problemi güc yolu ilə həll etməyə çalışır və beynəlxalq hüququ pozur. Bunun çox ağır iqtisadi xərcləri olacaq. Təhlükəsizlik Şurası sülhü müdafiə etməklə öz işini görməlidir və Şura birgə çağırış etməlidir. Hər bir ölkə bu qərarı pisləməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır”.

Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsa bəyan edib ki, beynəlxalq səviyyədə tanınan sərhədlər dəyişdirilə bilməz: “Rusiya nə etsə də, bu dəyişməyəcək. Ukrayna Rusiyanın qərarlarını onun suverenliyinin pozulması kimi qiymətləndirir. Donetsk və Luqanskın tanınması onların Minsk razılaşmalarından çıxması deməkdir. Rusiya həmçinin “Normandiya formatı”nda qəbul edilən qərarları qüvvədən salıb. Biz diplomatik və sülh yolu ilə getməyə davam edəcəyik. Biz öz torpağımızdayıq, heç kimdən qorxmuruq. BMT Təhlükəsizlik Şurası 29 maddə üzrə addımlar atmalıdır. Ukrayna Şura üzvlərinin burada addım atmasını gözləyir”.

İclasda çıxış edən aparıcı dövlətlərin nümayəndələri Rusiyanın qərarının bədəlinin ağır olacağını nəyan ediblər.

Rusiya nümayəndəsi isə ölkəsinin Ukrayna ərazisində etdiyi hərəkətlərin sülh naminə olduğunu təkrarlayıb və Ukrayna ərazisinə soxulan hərbi qüvvələri “sülh qüvvəsi” adlandırıb.

Təhlükəsizlik Şurasında çıxış edən Rusiya nümayəndəsi Vasili Nebenza deyib ki, Rusiya hələ də diplomatiyaya açıqdır və Donbasda qanlı qisas almağa imkan vermək fikrində deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər