12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Politoloq: “Rusiya Qarabağdakı ermənilərlə əlaqə qurmağa imkan vermir”
Tarix: 22-02-2022 18:23 | Bölmə: Slayd
Politoloq: “Rusiya Qarabağdakı ermənilərlə əlaqə qurmağa imkan vermir”

“Xankəndi istiqamətində ermənilərin son təxribatları təsadüfi deyil. Əslində belə hərəkətlər həmişə olub və olacaq. Fikrimcə, Rusiya öz sülhməramlılarının orada qalması naminə belə addımlar atır”.

Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə Qarabağdakı separatçı ermənilərin son təxribatlarını şərh edərkən deyib.

Z. Əlizadənin fikrincə, bir neçə gün əvvəl Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycana məxsus yük avtomobillərinin yerli mülki ermənilər tərəfindən dayandırılması, geri qaytarılması da təlimat əsasında baş verib: “Onlara yuxarıdan təlimat veriblər və ermənilər də bunu ediblər. Buna Rusiyanın böyük siyasəti kimi baxmaq daha doğru olardı. Göstərmək istəyirlər ki, münasibətlər gərgindir, tərəflər barışmır, əgər Qarabağda rus sülhməramlıları olmasa, bir-birlərini öldürərlər. Mahiyyət budur”.

Politoloq əlavə edib ki, indi Qarabağda sakitlik daha çox Azərbaycan və Ermənistan tərəfindən asılıdır: “Azərbaycan tərəfi istəsə gedib oradakı ermənilərlə danışıqlara başlayarıq - həm Ermənistan, həm də Qarabağ erməniləri ilə. Bundan sonra etimad və əməkdaşlıq yaranar. Vaxtı gəldikdə də, rus sülhməramlılara deyərlər ki, sağ olun, daha gedin, sizə ehtiyacımız yoxdur. Buna da tərəflər getmir. Müharibə bir ildən çoxdur ki, bitsə də, Qarabağda qalan mülki ermənilərlə əlaqəmiz yoxdur. Hesab edirəm ki, Rusiya buna imkan vermir”.

Z. Əlizadənin sözlərinə görə, ola bilsin ki, ermənilər belə təmaslara hazır deyillər: “Amma işləmək lazımdır ki, hazır olsunlar. İki adam bir-birindən küsür. Sonra onları barışdırırlar da... Nə dünyada, nə də siyasətdə əbədi və əzəli düşmənçilik yoxdur. Məncə, indi Qarabağdakı ermənilər tamamilə rusların nəzarətindədir, amma it günündə yaşayırlar, heç bir gələcəkləri və gedəsi yerləri də yoxdur. Ona görə də orada qalıblar. Paşinyanın isə onlara dəxli yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər