12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya diversantları Kiyevə soxulub - Şəhərdə şiddətli döyüşlər gedir
Tarix: 26-02-2022 08:29 | Bölmə: Slayd
Rusiya diversantları Kiyevə soxulub - Şəhərdə şiddətli döyüşlər gedir

Ötən gecə Rusiya ordusunun diversiya qrupları Ukraynanın paytaxtına daxil ola biliblər və hazırda şəhərin küçələrində şiddətli döyüşlər gedir. Reyting.az xəbər verir ki, Ukraynanın Fövqəladə hallar və mülki müdafiə üzrə Dövlət Komitəsinin bu gün səhər saatlarında yaydığı məlumatda əhalidən sığınacaqları tərk etməməsi xahiş olunur. “Şəhərimizin küçələrində döyüş əməliyyatları gedir. Sakitliyi qoruyub saxlamağı və maksimal ehtiyatlı olmağı xahiş edirik!”,- komitə bildirir.

Ötən gecə Kiyev ətrafında Ukrayna Silahlı Qüvvələri göyərtəsində desant olan Rusiyanın “İl-76” təyyarəsini vurub. Bu barədə Baş Qərargahın yaydığı məlumatda deyilir. “Bizim hava hücumundan müdafiə qüvvələrimiz düşmən desantı ilə dolu “İL-76” təyyarəsini Kiyev vilayətinin Vasilkov rayonunda vurdu. Bu, 2014-cü il Luqanskın qisasıdır. Düşmənə ölüm!”,- məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin hava Komandanlığı isə bildirib ki, Rusiya desantını daşıyan “İl-76” təyyarəsini Ukraynanın “Su-27” qırıcısı vurub. Hazırda Vasilkov rayonuna endirilən Rusiya desantları ilə şiddətli döyüşlər gedir. Hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya isə məlumat verib ki, Vasilkov rayonunda iki vertolyot da vurulub. Habelə Donbass bölgəsində Ukraynanın “S-300” zenit-raket sistemləri işğalçı qüvvələrin “Su-25” hücum təyyarəsini məhv edib.

Ötən gecə Vasilkov rayonu yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində Ukrayna polisinin formasını geyinmiş Rusiya diversantları Ukrayna döyüşçülərini xaincəsinə güllələyiblər. Bu haqda yerli KİV-lər bildirir.

“Rusiya hərbçiləri Ukrayna polisinin formasını geyinib, miqalkalı avtomobillə nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb və döyüşçüləri güllələyib”,- məlumatda qeyd olunur.

Kiyevə və Kiyev vilayətinə sızan Rusiya diversantları Ukrayna ordusunun və milisinin formasından fəal istifadə edir. Ötən gün ərzində Kiyevdə 60-dan çox diversantın məhv edildiyi bildirilir.

Son məlumatlara görə Rusiya qüvvələri Kiyevin Troeşina yaşayış rayonunda yerləşən İstilik Elektrik Stansiyasını ələ keçirməyə çalışırlar, şiddətli döyüşlər gedir. Habelə Rusiya diversantları Kiyevdə, “Beresteysk” metrostansiyası yaxınlığında Ukrayna ordusunun hərbi hissəsinə hücum edib, hücumun dəf edildiyi bildirilir. Habelə şəhərin Qələbə prospektində körpü partladılıb, atəş və partlayış səsləri ara vermir.(virtualaz.org)

Son məlumata görə, Ukrayna ordusu Kiyevin mərkəzinə daha bir hücumun qarşısını alıb.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb.

Məlumata görə, şəhərin əsas arteriyalarından olan Qələbə prospektində Rusiya qüvvələrinin hücumu dayandırılıb.




Bölməyə aid digər xəbərlər