12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Xocalı soyqırımını törədənlərə cəza əvəzinə mükafatlar verirlər
Tarix: 26-02-2022 13:37 | Bölmə: Slayd
Xocalı soyqırımını törədənlərə cəza əvəzinə mükafatlar verirlər
Xocalı cəlladları

“44 günlük Vətən müharibəsi zamanı şəhidlərimizin qisasını aldıq, amma Xocalı soyqırımını törədən, onun təşkilatçıları, həm siyasi, həm də hərbi rəhbərlərinin heç biri cəzasını almayıb. Xocalı soyqırımını təşkil edənlərin siyahısında olanların bəziləri gorbagor olub. Məsələn, Zori Balayan. O da bu dünyadan cəzasız getdi. Amma çoxları hələ yaşayır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, əslən Xocalıdan olan Elman Məmmədov Xocalı soyqırımının hərbi və siyasi təşkilatçılarının cəzalandırılmaması, buna nail olmaq üçün hansı addımların atılması haqqında danışarkən deyib

Məmmədov bildirib ki, soyqırımın təşkilatçıları Sarksiyan, Köçəryan, Ohanyan, Balasanyan və digərləri cəzalanmaq əvəzinə 30 ildir mükafatlandırılır: “Onlar böyük vəzifələrə qoyulur, prezident, nazir vəzifələrində şçalışıblar. Belə çıxır ki, onları soyqırım törətdiklərinə görə alqışlayıblar?

Biz tam əminliklə deyə bilərik ki, heç bir beynəlxalq təşkilatın, məhkəmənin belə fikri yoxdur. Zori Balayan “İnterpoll” xətti ilə axtarışa verilmişdi, Balayan isə it kimi hər yerdə sülənirdi. Deməli, tutmaq niyyətləri olmayıb. Digərləri də, ora-bura gedib gəlirlər”.


Elman Məmmədov

Deputatın sözlərinə görə, Azərbaycan prezidenti haqlı olaraq bildirib ki, Xocalı soyqırımını törədənləri biz həbs edib cəzalandıracağıq: “Onlar Azərbaycan dövlətinə xalqına qarşı cinayət ediblər. Onlar məhz Azərbaycan qanunları əsasında mühakimə olunmalı və layiqli cəzalarına çatdırılmalıdırlar”.

İstər Xocalı soyqırımı zamanı, istərsə də bundan əvvəl və sonra çoxsaylı mülki azərbaycanlılar da ermənilər tərəfindən girov götürülüb. Girov və əsir götürülən təxminən 4 mindən çox azərbaycanlının taleyi hələ də qeyri-müəyyəndir. Azərbaycan prezidenti Ermənistanın bu cinayətini dəfələrlə müxtəlif tribunalardan səsləndirsə də, erməni tərəfi cavab verməkdən və məsuliyyətdən yayınır. Bu halda Azərbaycan daha hansı addımları atmalıdır? Bu suala cavabında E. Məmmədov deyib ki, 4 min nəfərə qədər Azərbaycan vətəndaşı I Qarabağ müharibəsi dövründə itmiş sayılır: “Onlar haqqında heç bir məlumat yoxdur. Erməni tərəfi məlumat vermək istəmir və belə bir niyyəti də yoxdur. Cənab prezident bir sıra beynəlxalq tədbirlərdə bu məsələni qaldırıb. Ermənistandan tələb etmişik ki, sizin əsir və girovluqda olanlar haqda məlumat vermişik, siz də əsirlikdə olan 4 min insan haqqında bizə dəqiq məlumat verin”.

Milli Məclis üzvü daha sonra əlavə edib:

“İşğaldan azad olunmuş ərazilərdə yeni kütləvi məzarlıqlar aşkarlanıb, belə məzarlıqlar hələ çox aşkar ediləcək. 4 min itkin düşən insanımızın 150-si Xocalı sakinidir. O dövrdə itkin düşənlərdir və onların taleyi ilə bağlı dövlətimiz maraqlanır, məlumat əldə etməyə çalışır”.

Xocavəndin Edilli kəndi də daxil olmaqla bir sıra ərazilərdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edildiyini deyən deputat diqqətə çatdırıb ki, Azərbaycan tərəfi bu faktları dünya ilə paylaşır: “Biz belə dəhşətli məlumatları bütün beynəlxalq təşkilatlara çatdırır, onları dəvət edirik ki, gəlin, faktla özünüz tanış olun. Amma gəlmirlər, deyəsən, gəlmək fikirləri də yoxdur. Edilli kəndində də kütləvi məzarlıq tapılıb. Bundan əvvəl Kəlbəcərdə də belə məzarlıq aşkar edilib. Qaradağlıda, Xocalı ətrafında, Əsgəranda, Kəlbəcər-Laçın ərazilərində də kütləvi məzarlıqlar üzə çıxacaq. Beynəlxalq təşkilatlar gəlməli, kütləvi məzarlıqlara baxmalı və qərar verməlidir. Burada ermənilərin ifşası üçün kifayət qədər faktlar var. Sözsüz ki, biz belə məlumatları beynəlxalq təşkilatlara çatdırır və onlardan tələb edirik ki, gəlib baxsınlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər