12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyalı milyarderlər... - Putinə yaxın olan bu şəxslərin böyük maliyyəsi xarici banklarda dondurulub
Tarix: 28-02-2022 19:39 | Bölmə: Slayd
Rusiyalı milyarderlər... - Putinə yaxın olan bu şəxslərin böyük maliyyəsi xarici banklarda dondurulub

Ukraynaya hərbi müdaxilədən sonra Rusiyaya tətbiq edilən sanksiya siyahısında həddindən artıq zəngin şəxslərin adı yer alıb. Birinci mərhələdə Böyük Britaniya Putinə yaxın üç oliqarxın banklardakı milyardlarla dollarını dondurub. Təxminlərə görə, rus oliqarxların Böyük Britaniya banklarında 800 milyard dollardan çox əmanəti var. İndi bu pullar risk altındadır.

Bəs bu oliqarxlar kimdir? Milyardlarla dolları necə qazanıblar?

Reyting.az xəbər verir ki, hazırda zəngin olan bu şəxslərin Rusiyada böyük sərvətə sahib olmaları əsasən 1985-ci ildə - Qorbaçovun Sovet İttifaqına rəhbərliyi ələ keçirməsi ilə başlayıb. “Yenidənqurma” adlanan islahatları sürətləndirən Qorbaçov azad bazara yol açmaq istəyir, kooperativləri təşviq edirdi. Bu, bacarıqlı şəxslər üçün yaxşı fürsət idi. Onlar özəl sahibkarlığın demək olar ki, qeyri-mümkün olduğu bir mühitdə öz bizneslərinə sahib ola bilərdilər. Xüsusilə Kommunist Partiyası daxilində yaxşı əlaqələri olanlar bu imkanlardan məharətlə yararlanıblar. Sonradan “Oliqarx” adı ilə milyarderlər siyahısına düşəcək bu bacarıqlı şəxslərin çoxu həmin dövrlərdə hələ də adi işlərdə çalışırdılar. Kimi sıravi məmur, kimi orta səviyyəli partiya işçisi, kimi də taksi sürücüsü olub. Təbii ki, aralarında daha savadlı, partiya və zəngin dövlət müəssisələrinin idarəçiliyində olanlar da var idi. Daha sonra hər kəs “imkanları” qiymətləndirə bildiyi dərəcədə irəliləməyi bacarıb. Bəziləri bank qurub, bəziləri ucuz aldığı nefti baha sataraq böyük vəsait əldə edib.

Sovet İttifaqının dağılması ilə özəlləşdirmə başladı. Bu proses Rusiya prezidenti Yeltsinin dövründə daha da sürətləndi. Pul hakimiyyətini ələ keçirən oliqarxlar ölkə siyasətinə təsir edəcək qədər gücləniblər. Bu prosesdə Yeltsinə ən yaxın Boris Berezovski olub. O, vaxtilə ən təsirli şəxslərdən biri hesab edilib. 1996-cı il seçkilərində bütün gücləri ilə Yeltsini dəstəkləyiblər. Media da onların nəzarətində olub. Onlar seçki kampaniyasının maliyyə yükünü də öz üzərlərinə götürüblər. Yeltsin seçkidə qalib gəldikdən sonra isə onların dəstəyini unutmayıb.

Rusiyanın iqtisadi və maliyyə nizamı demək olar ki, onlara uyğun qurulmuşdu. Onlar o qədər güclü idilər ki, BVF-dən nə qədər borc götürməkdən tutmuş, kimin baş nazir olacağına qədər hər bir siyasi məsələyə qarışa bilirdilər. Amma onların sərvəti artıqca Rusiya xəzinəsi kiçilir, ölkə iqtisadiyyatı geriləyirdi. Çünki pul Rusiyaya sərmayə şəkilində yatırılmaq əvəzinə xaricə, xüsusən də ofşor hesablara köçürülürdü.

Oliqarxlar Yeltsindən sonrakı dövrü hesablamağa başladılar. Onların nizamını pozmayacaq bir şəxsin hakimiyyət başına gəlişi onlar üçün həyati əhəmiyyət kəsb edirdi. Beləcə, Putin dəstəkləndi. Amma Putin ilk olaraq siyasətdə oliqarxların gücünü qırdı. Sonra iqtisadi inhisarlarına son qoymaq üçün hərəkətə keçdi. Onların bəziləri həbsxanaya, bəziləri Sibirə sürgün edildi. Daha hiyləgərləri xilas yolunu xaricə qaçmaqda gördü.

Putin onun suverenliyini qəbul etməyənləri sıxışdırıb Rusiyadan çıxardı. Əvvəlcə Putinə qarşı dura biləcəkləri ehtimal olunan şəxslər sonradan Putinə tabe oldular. Putin öz sistemini qurdu. Dostlarının mövqeyində olanlar bizneslərini daha da inkişaf etdirdilər. Putin uşaqlıq dostlarından və DTK-da birgə çalışdığı yoldaşlarından öz oliqarxiyasını da yaratmağı bacarıb. Hətta bəziləri Avropa ölkələrində Putinin maliyyə dayağı hesab edilirlər.

Ukraynaya müdaxilə ilə Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları ön plana keçib. Bu çərçivədə ilk tədbirlərdən biri rus iş adamlarının banklardakı pullarının taleyidir. Artıq bəzi rus oliqarxlarının Britaniya banklarındakı milyardlarla dollarları dondurulub. Bəzi məlumatlara görə, rusiyalı ultra zənginlərin Britaniya banklarında 800 milyard dollardan çox vəsaiti var.

Gennadi Timçenko, Boris Rotenberq və İqor Rotenberq Böyük Britaniyanın sanksiya tətbiq etdiyi oliqarxlardırdır.

Gennadi Timçenko - 30 milyard dollar

G. Timçenko Rusiyanın ən zəngin şəxslərindən biridir. Onun sərvəti 30 milyard dollara yaxındır. Enerji və infrastruktur investisiyaları mövcuddur. O, həm də iri neft-kimya şirkətlərinin səhmdarıdır. Onun ortaq bankı da var.

Boris Rotenberg - 2 milyard dollar

B. Rotenberg təbii qaz kəmərləri və böyük infrastruktur və üst quruluş layihələri inşa edir. Enerji şirkətləri də var. Onun 2 milyard dollara yaxın sərvəti var.

İqor Rotenberq - 1,5 milyard dollar

İqor Rotenberq Boris Rotenberqin qardaşı və ortağıdır. 2018-ci ildən ABŞ-ın sanksiyalar siyahısındadır. O, “Qazprom”un keçmiş rəhbəridir. 2019-cu ilin məlumatlarına görə, o, 1,5 milyard dollarlıq sərvəti idarə edir. İqor və Boris Rotenberqin böyük qardaşları Arkadi Rotenberq Putinin uşaqlıq dostlarından biridir.

Boris Berezovski - 3 milyard dollar

B. Berezovski dövlət qurumlarında çalışan riyaziyyatçı idi. O, Yeltsinin dövründə Rusiyanın ən varlı adamlarından birinə çevrildi. O, Putinin dövründə Rusiyadan qaçmalı oldu. O, müsahibəsində oliqarxları “Yeltsinin yaratdığı xalq” kimi qələmə verib. 2013-cü ildə Londondakı evində ölü tapılıb. Onun ölümü Rusiya kəşfiyyatı ilə əlaqələndirilir. Onun 3 milyard dollara yaxın sərvəti olub.

Roman Abramoviç - 14 milyard dollar

R. Abramoviç V. Putinə ən yaxın oliqarxlardan biri kimi təqdim edilir. Sovet dövründə başlayan kommersiya həyatı Putin dönəmində pik həddə çatıb. Onun Putinin göstərişi ilə İngiltərənin “Çelsi” futbol klubunu aldığı iddia edilirdi. O, hazırda İngiltərə sanksiyaları altında olan təxminən 14 milyard dollarla “Forbes” jurnalının ən zənginləri siyahısındadır.

Mixail Xodorkovski - 15 milyard dollar

M. Xodorkovski sovet dönəmində məşhur neft şirkəti “Yukos”un direktorlarından biri olub. Özəlləşdirmə nəticəsində o da başqaları kimi varlanıb. O, Putinin dövründə həbs edilib. Bir müddət həbsxanada qaldıqdan sonra azadlığa buraxılıb. O, 15 milyard dollarlıq sərvətlə “Forbes”in zəngin şəxslər siyahısındadır.

Leonid Mixelson - 23 milyard dollar

L. Mixelson mühəndis olub. Sovet dövründə dövlət neft şirkətlərində işləyib. Hazırda o, Rusiyanın ən böyük təbii qaz şirkətlərindən biri olan “Novatek”in əsas səhmdarlarındandır. 23 milyard dollar sərvəti var.

Vladimir Lisin - 26 milyard dollar

V. Lisin kömür mədənində texnik olub, metallurgiya üzrə təhsil alıb. Sovet metal şirkətində menecer vəzifəsində çalışıb. Hazırda Rusiyanın ən böyük polad istehsalçısı olan holdinqin əsas səhmdarıdır. Onun 26 milyard dollar sərvəti var.

Əlişir Usmanov - 16 milyard dollar

Ə. Usmanov bir müddət “Qazprom”un metal mədənləri bölməsində menecer olub. Onun sərvəti təxminən 16 milyard dollardır.

Aleksandr Lebedev - 3 milyard dollar

V. Putin hələ Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı vaxt A. Lebedevin onun yaxın dostu olduğu bildirilir. İqtisadiyyat üzrə təhsil alıb. Onun İngiltərədə dörd qəzeti var. Rusiyada da qəzet sahibidir. Onun 3 milyard dollara yaxın sərvəti var.

Vladimir Potanin - 30 milyard dollar

V. Potanin Rusiyanın nəhəng nikel şirkətlərindən birinin sahibidir. Onun 30 milyard dollar sərvəti var. Londonda boşanmaq üçün müraciət etdiyi həyat yoldaşı 5 milyard funt-sterlinq təzminat tələb etmişdi.

Vahid Ələkbərov - 20 milyard dollar

V. Ələkbərov Rusiyanın ən böyük neft şirkətlərindən birini idarə edir. “Forbes”in ən zənginləri siyahısındadır. Onun 20 milyard dollar sərvəti var. Əslən azərbaycanlı olan V. Ələkbərov bir vaxtlar həm də 70 metrlik ultra lüks yaxtası ilə gündəmdə olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər