12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qubad İbadoğlu: “Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək”
Tarix: 01-03-2022 15:24 | Bölmə: Slayd
Qubad İbadoğlu: “Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək”

Rusiya ilə Ukrayna arasında davam edən amansız müharibəyə dair tanınmış ekspertlər müəyyən proqnozlar səsləndirirlər.

Reyting.az
xəbər verir ki, iqtisadçı-alim Qubad İbadoğlu Rusiyanın Ukraynaya hücumundan və prezident Putinin bu hərbi kampaniya zamanı nəzərə almadığı məqamlarla bağlı fikirlərini bölüşüb.

Q. İbadoğlunun sözlərinə görə, son günlər hər dəfə sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərindən yazanda bir qrup şəxs şərh verir ki, siz bunları bilirsinizsə, Putin çoxdan bilirdi: “Həmin şəxslər qeyd edirlər ki, Putin hər şeyi nəzərə alıb, Rusiya iqtisadiyyatı sanksiyalara hazırdır və ciddi təsirləri olmayacaq”. Q. İbadoğlu isə həmin şərhlərin əksinə olaraq iddia edir ki, Putin müharibəyə başlamazdan əvvəl bəzi məsələri nəzərə almayıb və bu, Rusiya iqtisadiyyatını çökdürəcək:

1. Putin nəzərə almayıb ki, müharibə 2-3 gündən çox çəkər. Bilmirdi ki, ukraynalılar bu qədər cəsurluq nümayiş etdirəcək və bütün dünya onları müdafiə edəcək, Rusiya təklənəcək.

2. Putin Çinin mövqeyini nəzərə almayıb, Çin Qərbin bütün sanksiyalarına dəstək olmasa da, ona əməl etmək məcburiyyətindədir. Çünki, əsasən Qərb bazarı ilə işləyən Çin şirkətləri sanksiyaları pozub, milyardlarla cərimə ödəmək niyyətində deyil.

3. Putin nəzərə almayıb ki, Finlandiya bu ərəfədə NATO-ya, Ukrayna Avropa Birliyinə müraciət edəcək. Əgər bu gün Finlandiya parlamenti qərar versə, bu ölkəni NATO-ya qəbul edəcəklər və Rusiya ətrafında təhlükəsizlik buferi yarılcaq.

4. Putin nəzərə almayıb ki, Rusiyaya qarşı sanksiyaların miqyası bu qədər böyük və sərt olar. Məsələn, Putin SWIFT-dən çıxarılmasını nəzərə alsa da, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını nəzərə almayıb. Çünki, rus banklarından öncə İran banklarını SWIFT-dən çıxarıblar, amma indiyədək heç bir ölkənin Mərkəzi Bankının aktivləri dondurulmayıb. Putinin güvəndiyi Rusiyanın valyuta ehtiyatlarının 60 faizi sanksiya altına düşüb, dondurulub, ölkənin malik olduğu 132 milyard dollarıq qızılı da (təxminən 74 milyon troy unsiyası) satmaq imkanı yoxdur. Bu, anoloqu olmayan sanksiyadır. Ona görə də rus rublu ABŞ dolları qarşısında müharibə başlayandan 40 faizədək dəyər itirib.

5. Putin nəzərə almayıb ki, 11,6 milyard dollarlıq “Şimal axını-2” layihəsini Almaniya dayandırar. Çünki, Tramp administrasiyası dövründə də təzyiqlər daha sərt olanda Almaniya bunu etməmişdi.

6. Putin nəzərə almayıb ki, biznes elitasi parçalana bilər. Rusiyanın ən varlı oliqarxları - “Alfa” qrupun sahibi Mixail Fridman və “Rusal”ın sahibi Oleq Deripaska artıq müharibəyə qarşı mövqe qoyublar və bu barədə yayılan məlumatların doğru olduğu təsdiqini tapır.

7. Putin nəzərə almayıb ki, bəzi mütəffiqlər ikili oyun oynayacaq, ona görə də Putin qalsa da, getsə də, mütəffiqlərinin qara günləri başlayacaq.

Q. İbadoğlu qeyd edib ki, Putinin nəzərə almadığı çox şeylər var. “Odur ki, müharibənin necə qurtarmasından asılı olmayaraq Rusiya iqtisadiyyatı batacaq. Çünki, bank, valyuta-kredit münasibətləri iqtisadiyyatın qan-damar sistemidir, əgər orqanizmdə qan-damar sistemi sıradan çıxırsa, insan bir gün infarkt olur”,- deyə Q. İbadoğlu əlavə edib.




Bölməyə aid digər xəbərlər