12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Polkovnik: “Rusiyanı dayandıra biləcək mexanizmlər mövcud deyil”
Tarix: 03-03-2022 17:27 | Bölmə: Slayd
Polkovnik: “Rusiyanı dayandıra biləcək mexanizmlər mövcud deyil”

“Ukrayna müdafiə olunur və sözsüz ki, öz ərazisində müdafiə olunduğuna görə, ərazini, onun coğrafi vəziyyətini daha yaxşı tanıyırlar. Amma deməzdim ki, Ukrayna hərbi-siyasi rəhbərliyi bu müharibəyə hazır idi. Bəli, müəyyən hərbi boşluqlar var və bu barədə Ukrayna yerli mətbuatı da yazır. Düşünürəm ki, Rusiya qarşısına qoyduğu hədəfə doğru gedəcək. Təəssüflər olsun ki, artıq Rusiyanı dayandıra biləcək mexanizmlər mövcud deyil. Sadəcə, söz deyilir, çağırışlar olur. Amma Rusiyaya real fiziki təzyiq mövcud deyil”.

Bunu Reyting.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ramaldanov bildirib ki, müharibənin aktiv fazası uzun çəkməyəcək: “Aktiv faza qurtardıqdan sonra, bütün müharibələrin danışıqlarla bitdiyini nəzərə alaraq danışıqlar olacaq. Əgər danışıqlar sülhə, bu münaqişənin dayandırılmasına xidmət edəcəksə, aktiv fazanın tez bitəcəyini gözləmək olar. Yox, əgər danışıqlar münaqişənin daha da genişlənməsinə xidmət edəcəksə, Rusiya da işğalını genişləndirəcək”.

Polkovnikin fikrincə, artıq Rusiya anlayıb ki, nə Qərb ölkələri, nə də NATO Ukrayna ərazisində Rusiyaya qarşı döyüşməyəcək:

“Artıq təyyarələr məsələsi də arxa plana keçib. Bu saat göndərilən silahlar da əsasən tank əleyhinə və hava hücumundan müdafiəyə dair yüngül silahlardır. Ağır silahların da gətirilməsi artıq məhdudlaşıb. Çünki Ukrayna hava sahəsini ruslar nəzarətə götürdüyündən yolları da nəzarətdə saxlamaq ehtimalı artır”.

Ramaldanov əlavə edib ki, Ukraynaya indiyə qədər daha çox dəstək olan Türkiyə tərəfindən verilən “BayrakdarTB2” dronları idi: “Biz bu silahların keyfiyyəti və imkanları haqqında bilirik və Ukraynada da nəticələri gözlənilən idi. Amma Ukrayna hava məkanına nəzarət Rusiyada olduğundan bu dronların da istifadəsində çətinliklər yaranacaq”.

Polkovnik diqqətə çatdırıb ki, Ukraynanın hərbi gücü Rusiya ilə müqayisədə zəifdir: “Burada riyazi hesablama apardıqda üstünlüyün Rusiya tərəfində olduğunu görürük. Amma ruh yüksəkliyi, əhval-ruhiyyə, vətənpərvərlik Ukrayna tərəfindədir. Təəssüflər olsun ki, bu, müharibə üçün yetərli deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər