12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna münaqişəsi: Putinin müharibəsini kimlər idarə edir? - Siyahı
Tarix: 05-03-2022 11:57 | Bölmə: Slayd
Ukrayna münaqişəsi: Putinin müharibəsini kimlər idarə edir?

Beynəlxalq ictimaiyyətin diqqəti iki həftədir Ukraynaya yönəlib. Rusiyanın siyasəti qısa zamanda qanlı savaşa çevrilib və Ukrayna müharibəsi gözlənildiyi kimi, qısa müddətə həllini tapmayıb. Bu səbəbdən də Putinin komandasında ən yaxın şəxslərin kimlər olması və onların Putinə təsir imkanları xüsusi marağa səbəb olub.

Reyting.az
Rusiya prezidenti Putinin “beyin komandası”nın ən nüfuzlu 8 şəxsini təqdim edir. Putin əsas məlumatları bu şəxslərdən alır, onların fikirləri ilə haradasa hesablaşır.


Sergey Şoyqu

Müdafiə naziri Sergey Şoyqu Putinin ən uzun müddət əməkdaşlıq etdiyi və ən etibarlı silahdaşlarından biridir. Bu səbəbdən Ukrayna ilə bağlı məsələdə fikirləri demək olar ki, eynidir. Şoyqu eyni zamanda Ukraynanın demilitarizasiya edilməli olduğunu və Rusiyanı Qərbin hərbi təhdidlərdən qorumağın vacibliyini bildirir.

Şoyqu ilə Putin arasında dostluq münasibətləri də var. Putinlə vaxtaşırı Sibirdə ova və balıq tutmağa gedən Şoyqunu əvvəllər Kremlin Putindən sonrakı “ağası” da adlandıranlar var idi.


Valeri Gerasimov

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimovdan Ukraynanın işğalına dair gözləntilər Şoyqu qədər böyükdür. Bununla belə, Gerasimovun indiyə qədər gözlənilənləri verə bilmədiyi və onun işğalın uzadılmasına görə haqq-hesab çəkilən şəxslərdən biri olduğu haqda fikirlər də səslənir.

Gerasimov ilk dəfə 1999-cu ildə Çeçenistan müharibəsində ordu komandiri kimi gündəmə gəlib və o vaxtdan bəri Putinin müharibələrində mühüm rol oynayıb.

Ukraynanın işğalını planlaşdıranlar arasında olan Gerasimov ötən ay Belarusda keçirilən təlimlərə də rəhbərlik edib.

Rusiyalı ekspert Mark Qaleotti tərəfindən “gülümsəməyən, cırtdan tiran” kimi təsvir olunan Gerasimov Krımın ilhaqından əvvəl keçirilən hərbi əməliyyatlarda da mühüm rol oynayıb.

Bəzi mənbələr Gerasimovun Ukraynaya hücumun ilk günlərində ordunun qeyri-sabitliyi və əhval-ruhiyyəsinin aşağı olması səbəbindən kənara çəkildiyini iddia etsələr də, bu iddialar özünü doğrultmur.

Daha bir maraqlı məqam Gerasimovun peşəkar hərbi təhsilinin olmaması və ya sonradan belə təhsil almasına dairdir.


Nikolay Patruşev

London Kollec Universitetində Rusiya siyasətindən mühazirə edən Ben Nobl Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşevi bu sözlərlə xarakterizə edib:

“Patruşev bütün şahinlərin ən çılğınıdır, illərdir düşünür ki, Qərb Rusiyanı ələ keçirməyə çalışır”.

Patruşev Putinin ən sadiq kadrları arasında ilk üçlükdə qərarlaşıb. Onlar 1970-ci illərdən - Putin hələ Rusiyanın ikinci böyük şəhəri Leninqradda olarkən birlikdə işləyirlər. Üçlüyün digər üzvləri isə daxili kəşfiyyatın rəisi Aleksandr Bortnikov və xarici kəşfiyyatın rəhbəri Sergey Narışkindir.

Putinin yaxın çevrəsindəki qüdrətli adların hamısını “siloviklər” adlandırırlar, lakin bu üçlüyün çəkisi digərlərindən bir addım öndədir.

İddialara görə, Putinin yanında Patruşev qədər nüfuzlu şəxs yoxdur. Patruşev kommunizm dövründə Putinlə “KQB”-də çalışıb. Daha sonra 1999-2008-ci illər arasında “KQB”-nin əvəzinə yaradılan FSB-nin kürsüsündə oturub.

Fevralın 21-də Rusiyanın Ukraynaya təcavüzündən əvvəl keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında məhz Patruşev ABŞ-ın son məqsədinin Rusiyanı parçalamaq olduğu bildirib.


Aleksandr Bortnikov

Kremli yaxından izləyən analitiklərin fikrincə, Putin digər mənbələrdən daha çox kəşfiyyat xidmətlərinin məlumatlarına inanır. FSB direktoru Aleksandr Bortnikov Putinin ən yaxın adamlarından biridir.

Putinlə yaxınlığı Leninqrad dövrünün “KQB”-sində başlayan Bortnikov Patruşevdən sonra FSB-nin rəhbəri olub. Mütəxəssis Andrey Soldatov bəyan edib ki, Bortnikov da mühüm şəxsdir, lakin o, digərləri kimi Putinin dediklərinə etiraz etmək və ya prezidentə məsləhət vermək iqtidarında deyil.


Sergey Narişkin

Putinin Leninqrad üçlüyünün üçüncü şəxsi, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindir. Demək olar ki, bütün karyerasını prezidentlə keçirib. Odur ki, fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında bir qədər özünü itirməsi hamını təəccübləndirib.

Xatırladaq ki, 2004-cü ildə Putinin ikinci prezidentliyi dövründə Kremldə xidmət edən Narışkin daha sonra parlamentin spikeri olub.


Sergey Lavrov

18 ildir Rusiyanın ən yüksək səviyyəli diplomatik missiyasını yerinə yetirən xarici işlər naziri Sergey Lavrovun qərarların qəbulunda böyük rolu olduğu düşünülməsə də, Rusiyanın arqumentlərini dünyaya çatdırmaq baxımından çox əhəmiyyətli fiqur sayılır.

Lavrov vaxtaşırı həmsöhbətlərini aşağılamağı qarşısına məqsəd qoyan üslubu ilə tanınır. Ancaq uzun müddətdir Ukraynanın qərarvermə mexanizmlərindən kənarda qaldığı deyilən Lavrov xoşagəlməz və davakar kimi tanınsa da, iki ölkə arasındakı problemlərin diplomatiya variantı ilə həllini müdafiə edənlərdən biri olub. Lakin bu tövsiyələr Putin tərəfindən ciddi qəbul edilməyib.


Valentina Matviyenko

Putinin yaxın ətrafındakı nadir qadınlardan biri də Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurasının sədri Valentina Matviyentkodur. Matviyenko Şuranın xaricə qoşun göndərilməsi ilə bağlı səsvermədə “Hə” qərarını verərək Ukraynanın işğalında mühüm rol oynayıb.

Matviyenko 2014-cü ildə Krımın ilhaqında Rusiyaya rəhbərlik edən fiqurlardan biri olub. Bununla belə, Matviyenko əsas qərarları qəbul edən şəxs kimi tanınmır.


Viktor Zolotov

Putinin keçmiş cangüdənlərindən biri Viktor Zolotov hazırda “Rosqvardiya” kimi tanınan Milli Qvardiyaya komandanlıq edir. Putin tərəfindən 6 il əvvəl yaradılan və şəxsi ordu hesab edilən bu birlik Roma İmperiyası dövründə imperatorun mühafizə korpusuna bənzər struktura malikdir. Putin “Rosqvardiya”nın sədaqətini təmin etmək üçün şəxsi mühafizəsini bura atıb.

Ehtimal olunur ki, Ukraynanın işğalının bir neçə günə başa çatması planlaşdırılsa da, ordu Ukrayna qüvvələrinə qarşı gözlənilənləri doğrultmadığı üçün Milli Qvardiya da prosesə qoşulub. Ancaq bu zaman iki problem ortaya çıxır:

Birincisi, Zolotov mülki mənşəlidir və heç bir hərbi hazırlığı yoxdur.

İkincisi, “Rosqvardiya”nın texnikası arasında tanklar mövcud deyil.

Putini başqa kimləri dinləyir?

Rusiyanın baş naziri Mixail Mişustin ölkə iqtisadiyyatını bərpa etmək kimi çətin vəzifəni öz üzərinə götürüb, lakin o, müharibədə əsas söz sahiblərindən deyil.

Politoloq Yevgeni Minçenkonun fikrincə, Moskva meri Sergey Sobyanin və Rusiyanın neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçin də Putinə yaxındır.

Milyarder qardaşlar Boris və Arkadi Rotenberq isə Putinin uşaqlıq dostları və yaxın məsləhətçiləri arasındadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər