12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Klipperton sakinlərinin dəhşətli taleyi - Fotolar
Tarix: 12-03-2022 13:51 | Bölmə: Slayd
Klipperton sakinlərinin dəhşətli taleyi

Klipperton adasında baş vermiş ağlasığmaz hadisələr o zaman Birinci dünya müharibəsinin kölgəsində qalsa da, sonralar geniş əks-səda doğurdu.

Reyting.az
xatırladır ki, Klipperton adası XVIII əsrin əvvəlində ingilis dəniz qulduru tərəfindən kəşf edilib və adını da onu aşkar edənin soyadından götürüb. Sonralar fransız səyyahları adanı yenidən kəşf edəndə ona yeni ad - Ehtiraslar adası veriblər.

Mərcan parçası sayılan Klipperton adası Sakit okeanın şərq hissəsində, Kosta-Rikodan qərbdə yerləşir. Təxminən iki əsr Fransa və Amerika arasında adanın kimə mənsubluğu ətrafında mübahisə gedib. Bunun səbəbi adanın fosfat və nitratla zəngin yataqlara malik olması idi. Buradakı quş peyini gübrəsi isə heç də onlardan az qiymətli deyildi. Sonda qələbəni Fransa qazanır. Fəqət, 1897-ci ildə ada Meksika tərəfindən işğal olunur. Hökumət işğalı onunla əsaslandırır ki, ada onun ərazi sularının sərhədində yerləşir.



Meksika hakimiyyəti adadakı qayanın üstündə mayak quraşdırır, oraya hərbi qarnizon göndərir və İngiltərə ilə bir yerdə fosfat hasilatına başlayır. 1914-cü ildə Meksikadan Klippertona kapitan Ramon Arnonun komandanlığı altında növbəti qarnizon, eləcə də mayakın yeni gözətçisi Viktoriano Alvares təşrif buyurur. Zabit və əsgərlərin həyat yoldaşları və uşaqları bir yerdə adada yüzə yaxın adam yaşayırdı. Ehtiraslar adasının qeyri-məhsuldar torpağı burada tələb olunan miqdarda taxıl və tərəvəz becərməyə imkan vermirdi. Sahilboyu sularda isə balıqlar deyil, yalnız akulalar gözə dəyirdi. Ayda iki dəfə Klepperton sakinləri üçün Akapulko şəhərindən gəmi ilə azuqə gətirilirdi.

Həmin dövrdə diktator Porfirio Diasın devrilməsindən sonra Meksikanın hər tərəfində vətəndaş müharibəsi alovlanmışdı. Ölkədə cərəyan edən qanlı olayların fonunda dəhşətli hadisə baş verdi: hökumət Klippertonda xidmətdə olan insanları sadəcə unutdu, bununla da onları əzablı ölümə məhkum etdi.



1914-cü ilin fevralında adanı ağuşuna almış qasırğa mühacirlərin seyrək taxıl və tərəvəz sahələrini məhv elədi. Klepperton sakinlərinin qida rasionu yerli quşların, kərtənkələlərin, yengəclərin, ilbizlərin yumurtasına qədər daralmışdı. Onları da hər gün əldə etmək asan deyildi. Kapitan Arnonun əmrinə əsasən, adadakı cəmi doqquz hindqozu ağacının meyvələri yalnız qadınlara və uşaqlara verilirdi. Hər ailə həftəyə bir kokos əldə edə bilərdi.

İnsanlar aclıqdan və sinqa xəstəliyindən ölməyə başlamışdı. Kapitan Arno və sağ qalmış bir neçə hərbçi yardım axtarmaq məqsədilə Klepperton adasını tərk etmək qərarına gəlirlər. Amma onların yelkənli qayığı sualtı qayaya toxunaraq parçalanır və hərbçilərin hamısı həlak olur.

1917-ci ildə mayakın gözətçisi Viktoriano Avaresdən başqa adadakı kişilərin hamısı dünyasını dəyişir. Sağ qalanlar 15 qadın və uşaq idi.

Alvares özünü Klippertonun kralı elan edir və əzab-əziyyətdən üzülmüş qadınları qorxudaraq, onları zorla cinsi əlaqəyə məcbur etməyə başlayır. Yalnız kapitan Ramon Arnonun arvadı Alisiya özünün müstəqilliyini qorumağı bacarır. Çünki, Alvares kapitandan möhkəm qorxurdu. İntəhası, artıq quduzlaşmış Alvares yerdə qalanların nazı ilə oynamır, etiraz edənləri isə cəzalandırırdı. Misal üçün, o, istəyinə tabe olmayan qadını və onun 15 yaşlı qızını suda boğaraq öldürmüş, sonra onları sahil sularında şikarını gözləyən akulaların yeminə çevirmişdi. Nəhayət, belə alçaqlığa və zülmə dözməyən Alisiya və Tirza Rendon adlı qadın birləşib Alvaresi öldürürlər.



Yalnız 1917-ci il iyulun 18-də Klipperton adasına Amerikanın hərbi gəmisi “Yorktaun” yan alır. Onlar sadəcə adada almanların bazasının olmadığını yoxlamaq istəyirmiş. Üzləşdikləri mənzərədən sarsılmış dənizçilər burada üç qadına, yeddi uşağa və 15 yaşlı qıza rast gəlirlər. Qida azlığından normal inkişafdan qalmış yeniyetmə səkkiz yaşlarındakı qız uşağına bənzəyirdi. Tamamilə taqətdən düşmüş bu insanlar ətrafda baş verənləri çətinliklə dərk edir və danışmağa belə çətinlik çəkirdilər. Unudulmuş və taleyin ümidinə buraxılmış adanın sağ qalmış sakinlərini gəmi Salina-Krus şəhərinə çatdırır. Gördüklərinə və eşitdiklərinə inana bilməyən həmvətənləri onlara cəhənnəmdən çıxmış keçmiş ölülər kimi baxırdılar.

1959-cu ildə Klipperton Fransaya qayıdır. Ölkə rəhbərliyi kapitan Arnonun sağ qalmış sələflərinə Fransa vətəndaşlığını təklif edir. Amma onlar bundan imtina edirlər...

Reyting.az




Bölməyə aid digər xəbərlər