12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kəşfiyyat və maliyyə agentliyi Putinin 200 milyardlıq şəxsi sərvətini axtarır
Tarix: 16-03-2022 19:19 | Bölmə: Slayd
Kəşfiyyat və maliyyə agentliyi Putinin 200 milyardlıq şəxsi sərvətini axtarır

Müharibə səbəbindən Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar davam etdirilir. Ağır sanksiyaların çətin vəziyyətlə üzləşdirdiyi Rusiyanın oliqarxları da Avropa və Qərb ölkələrinin hədəfindədir. Xüsusilə, İngiltərədə toplanan yeni nəsil rus milyarderlərinin aktivləri müsadirə edilir və onların kommersiya əməliyyatlarına qadağalar tətbiq olunur.

Reyting.az
xəbər verir ki, hazırda Böyük Britaniyanın əsas hədəfi Rusiya prezidenti Vladimir Putinin Londonda olduğu güman edilən şəxsi sərvətini müəyyənləşdirməkdir.

Böyük Britaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edən Milli Cinayət Agentliyi (NCA) xüsusi yaradılmış “Kleptokratiya” bölməsi ilə Putinin aktivlərini tapmağa çalışır.

Rusiya liderinin milyonlarla funt-sterlinqlik şəxsi sərvətinin Londondakı aktivlərin içərisində gizləndiyi güman edilir. NCA bununla bağlı araşdırmanı kəşfiyyat bölmələri ilə birgə aparır. Bildirilir ki, əsas məqsəd İngiltərəyə bağlı oliqarxların ardınca Putinin sərvətini tapmaqdır. Güman edilir ki, Putin bu sərvəti Kremlin “təsdiqlənmiş” sövdələşmələri sayəsində iş adamlarının vasitəsilə qazanıb.

2017-ci ildə ABŞ Senatında başqa bir sanksiya üzərində çalışan Bill Brauder adlı maliyyə ekspertinin sözlərinə görə, Rusiya liderinin şəxsi sərvəti 200 milyard dollar civarındadır və bu, Putini dünyanın ən zəngin adamı edir.

Xatırladaq ki, müharibənin ilk günlərində Britaniya Baş naziri Boris Conson NCA-nın Rusiyadakı Kleptokratiya hüceyrələrinə qarşı mübarizəyə başlayacağını bildirib. Rusiyaya qarşı iqtisadi müharibəyə başlayan İngiltərənin əsas məqsədi öz ölkəsində gizlədilən Rusiya aktivlərinə çatmaq və onları dondurmaqdır. Putinə qarşı sanksiya tətbiq etmək qərarına gələn NCA bununla da müəyyən etdiyi aktivləri dondurmaq səlahiyyəti əldə edir.

Məlumata görə, yeni kəşfiyyat bölməsinin yeganə məqsədi yalnız pozulmuş sanksiyaları tapmaq deyil, eyni zamanda Rusiya hökuməti ilə ortaq işləyən “çirklənmiş” elitanı müəyyənləşdirib gələcəkdə korrupsiyanın qarşısını almaqdır. Bu araşdırma həm də Putinin sərvətini müəyyən etmək üçün lazımdır.

Qeyd edək ki, rəsmi mənbələr Rusiya prezidenti Vladimir Putinin illik gəlirinin 10 milyon rubl olduğunu bildirib. Bu, illik 70 min funt-sterlinq maaşa bərabərdir. Lakin reallığın tamam fərqli olduğu, demək olar ki, bütün dünya tərəfindən qəbul edilir.

Bildirilir ki, NCA-nın Kreml ilə birbaşa əlaqəsi olan aktivlərə çıxışı asan məsələ deyil. Milli Cinayət Agentliyi əldə etdiyi məlumatları MI5 və MI6 kimi kəşfiyyat agentlikləri ilə paylaşaraq bu nəticələrin etibarlılığını sübut etməli olacaq. İngiltərədə belə bir araşdırmanın aparılması üçün müxalifət qanadının hökumətə təzyiqləri davam edir. Leyboristlər Partiyasının deputatları hökumətə sanksiyaların tətbiqində gecikdiyini xatırladır və qərarların daha tez qəbul edilərək, həyata keçirilməsinin vacibliyini bildirirlər.

NCA isə işlərin aparıldığını bəyan edir. Bildirir ki, tədqiqat Putindən sonra Belarus kimi ölkələrə də şamil ediləcək - Ukraynanın işğalına dəstək verdikləri üçün.

Reyting.az




Bölməyə aid digər xəbərlər