12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropada Azərbaycana qarşı növbəti siyasi təxribat törədilib
Tarix: 18-03-2022 22:07 | Bölmə: Slayd
Avropada Azərbaycana qarşı növbəti siyasi təxribat törədilib

“Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” Avropa Parlamentinin bu ilin martın 10-da qəbul etdiyi qətnamə ölkəmizdə haqlı etirazlara səbəb olub. Reyting.az xəbər verir ki, Böyük Quruluş Partiyası (BQP) da Azərbaycan əleyhinə qəbul edilən qətnaməyə etirazını bildirib.

BQP-nin bəyanatında Avropa Parlamentinin qətnaməsi tamamilə əsassız, yalan və qərəzli münasibət üzərində qurulmuş siyasi təxribat kimi qiymətləndirilib:

“Azərbaycana qarşı olan ikili standartlar, türkofob və islamafob xarakterli yanaşmalar hər zaman bəzi beynəlxalq qurumların aparıcı xəttini təşkil edib və bu gün də belə bir qətnamənin Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıqdır. Qətnamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “erməni abidələri” heç bir fakta söykənməyən uydurma rəqəmlərlə göstərildiyi halda, təxminən 30 il ərzində işğal altında olan ərazilərdəki Azərbycana məxsus tarixi, mədəni, dini abidələrin erməni vandalları tərəfindən yer üzündən silinməsinə, onların təhqir olunmasına, təqribən 900-dən çox qəbiristanlığın tamamilə dağıdılaraq yerlə bir edilməsinə, qəbir daşlarının sındırılmasına, məzarların qazılaraq cəsədlərin təhqir olunmasına, vəhşi qəbilə kimi kəndlərin, qəsəbələrin, şəhərlərin darmadağın edilməsinə, bir sözlə, sərhəd tanımayan erməni barbarlığına göz yumulur, müxtəlif beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri bunları görməzədən gəlir və onlara səssiz qalırlar”.

BQP-nin bəyanatında qeyd olunur ki, Avropa Parlamenti “demokratik dəyərlər” adlandırdıqları normaları, o cümlədən insan hüquqlarını, ədalətli yanaşmanı əsas tutursa, o zaman işğaldan sonra azad olunan torpaqlarda öz simasını daha aydın üzə çıxaran erməni vandalizminin əməllərinə dair müzakirələr aparmalı, müvafiq qərarlar qəbul etməli idi: “Bu, əslində təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, vandalizm aktı, soyqırımı siyasəti və cinayət əməlidir. Ermənilər tərəfindən azərbaycanlılara qarşı dövlət səviyyəsində sistemli şəkildə aparılan mədəni soyqırım siyasəti, həm də soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti ilə müşayiət olunub. XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqlarından kütləvi deportasiyası nəticəsində tarixi Azərbaycan torpaqlarında - Ermənistanda artıq, azərbaycanlı qalmayıb. Erməni millətçiləri məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silməyə, Azərbaycan xalqının mədəni irsini talayıb-dağıtmağa, özününkiləşdirməyə və mənşəyini dəyişdirməyə çalışıblar. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib”.

BQP bəyan edir ki, dünya ictimaiyyəti dini, etnik dözümsüzlüyün Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır: “Bu məqsədlə beynəlxalq hüququn mövcud imkanlarından da istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir”.

BQP reallıqları təhrif etmək, erməni vandalizmini və Ermənistanın hərbi-siyasi cinayətlərini gizlətmək və diqqəti onlardan yayındırmaq məqsədi daşıyan Avropa Parlamentinin Azərbaycana qarşı qəbul olunmuş başdan-başa böhtan və ədalətsiz qətnaməsini qətiyyətlə rədd edir və onun ləğvini tələb edir.






Bölməyə aid digər xəbərlər