12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan hökuməti dünyadakı ərzaq qıtlığının daxili bazara təsirlərini azaltmağa çalışır
Tarix: 19-03-2022 11:11 | Bölmə: Slayd
Azərbaycan hökuməti dünyadakı ərzaq qıtlığının daxili bazara təsirlərini azaltmağa çalışır

Azərbaycan Respublikası Nazirlər Kabineti daxili bazarın qorunmasına dair Qərar imzalayıb. Qərar minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə edilən malların ölkə ərazisindən aparılmasını tənzimlənmək məqsədi ilə verilib.

Xatırladaq ki, iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarında əsas ərzaq mallarında davamlı qiymət artımı qeydə alınır. Hətta qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər də var. Baş nazir Əli Əsədovun “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarı ölkəmizi belə problemlərdən qorumaq məqsədi daşıyır.

Reyting.az-ın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Report"a deyib ki, Nazirlər Kabinetinin son qərarı ölkəmizdə hər hansı ərzaq qıtlığının olması anlamına gəlmir.

V. Bayramov bildirib ki, dünya və region bazarında bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə edilir və bu baxımdan ölkəmizdə preventiv tədbirlərin görülməsinə ehtiyac var: “Bunu etməkdə məqsəd minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları üzrə həm ehtiyatların genişləndirilməsi, həm də bütövlükdə ərzaq təminatında stabilliyinin tam olaraq qorunub saxlanılmasına nail olmaqdır. Azərbaycan hökuməti öncədən də ərzaq təhlükəsizliyi məsələsini prioritetləşdirmişdi. Ona görə də ərzaqla təminatda hər hansı çətinlik müşahidə edilməmişdi. Ancaq növbəti dövrlərdə region bazarında ərzaq qıtlığı probleminin artacağını nəzərə alaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir".

Deputat yeni qərarın praktiki olaraq hüquqi şəxslərin bütövlükdə ixracatının qadağan olunması deyil, tənzimlənməsi məqsədi daşıdığını deyib:

"Bu zaman ixrac olunacaq məhsulların ehtiyatlarına İqtisadiyyat Nazirliyi tərəfindən baxılacaq. Əgər həmin məhsulların ölkə daxilində ehtiyatları çoxdursa, onların ixracatında hər hansı problem olmayacaq. Ancaq həmin məhsulun ixracatı bütövlükdə ehtiyatların formalaşdırılmasına mənfi təsir göstərsə, bu zaman onun ölkədən çıxarılması arzuolunan hesab edilməyəcək. Həm də bu zaman bütövlükdə hökumət tərəfindən üç aylıq ehtiyatlara baxılacaq və buna təsir göstərə biləcək faktorlar nəzərə alınacaq".

V. Bayramov qeyd edib ki, fiziki şəxslər tərəfindən də məhsulların aparılması ilə bağlı hər hansı qadağa mövcud deyil:

"Hesab edirəm ki, bu qərarın qəbulu ölkəmizdə hər hansı ərzaq qıtlığının olması anlamına gəlmir. Məqsəd daxili bazarın qorunması, təminat sabitliyinin təmin olunmasıdır. Hökumət əsas ərzaq məhsulları ilə təminata dair zəruri tədbirləri görür və bu tədbirlər ən zəruri qida məhsulları ilə bağlı qıtlığın olmayacağına təminat vermək iqtidarındadır”.

Deputat diqqətə çatdırıb ki, ölkədə hər hansı zəruri ərzaq məhsulu ilə bağlı qıtlıq gözlənilmir: “Qərar bütövlükdə vəziyyətin, xüsusən də ehtiyatların genişləndirilməsinin tənzimlənməsi və bütövlükdə proseslərin növbəti dövrlərdə də nəzarətdə olması, daxili bazarın qorunması, vətəndaşlarımızın ərzaq təminatı və təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan qərar ilin sonunadək qüvvədə olacaq”.

V. Bayramov sonda əlavə edib ki, növbəti dövrlərdə də ərzaq təminatının gücləndirilməsi, ərzaqla bağlı ehtiyatlarımızın genişləndirilməsi hökumət üçün prioritet olacaq. Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərlə dünya bazarında baş verən qiymət artımlarının, ərzaq qıtlığının daxili bazarda təsirlərini minimumlaşdırmağa çalışır.

Reyting.az




Bölməyə aid digər xəbərlər