12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropa İttifaqı xüsusi reaksiya qüvvəsi yaradır
Tarix: 22-03-2022 11:44 | Bölmə: Slayd
Avropa İttifaqı xüsusi reaksiya qüvvəsi yaradır

Yeni müdafiə strategiyası çərçivəsində Avropa İttifaqına (Aİ) üzv ölkələr qarşıdakı 3 il ərzində 5 min nəfərlik hərbi fövqəladə hallara cavab qüvvələri yaratmağı və müdafiə sahəsində ABŞ-dan daha az asılı olmağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər və müdafiə nazirləri bazar ertəsi Brüsseldə keçirilən toplantıda birliyin yeni müdafiə strategiyasını təsdiqləyiblər.

Yığıncaqda yeni strateji yol xəritəsi çərçivəsində, 2025-ci ilə qədər Avropanın “ən yaxşı təlim keçmiş və böhran vəziyyətlərində çevik yerləşdirmə qabiliyyətinə malik 5000 nəfərə qədər cavab qüvvəsi” yaradılması qəbul edilib.

Cavab qüvvəsi Avropa İttifaqı vətəndaşlarının münaqişə zonalarından təxliyəsi üçün istifadə olunacaq. Bu bölmə 15 il əvvəl yaradılan, lakin siyasi iradə və adekvat maliyyə çatışmazlığı səbəbindən istifadəyə verilməyən 1500 nəfərlik qüvvəyə alternativ olacaq.

İclasda müdafiə və xarici işlər nazirlərinin razılaşdırdığı yeni təhlükəsizlik və müdafiə əməkdaşlıq planı Aİ-ni ABŞ-dan hərbi cəhətdən daha az asılı hala gətirmək məqsədi daşıyır.

Xüsusilə, Əfqanıstanda “Taliban” administrasiyası tərəfindən ələ keçirilən Kabildən təxliyələrdə ABŞ-dan asılı vəziyyətə düşdüklərini bildirən AB ölkələrinin nazirləri, fövqəladə hallar qüvvələrinin bu vəziyyətin bir daha yaşanmaması üçün töhfə verəcəyini vurğulayıblar. Yeni müdafiə strategiyası 2030-cu ilə qədər olan dövrü əhatə edəcək. Bu prosesdə Avropanı təhdid edən təhlükələr xəritələnəcək və Aİ ölkələri daha sıx müdafiə əməkdaşlığında olacaqlar. Aİ ölkələri hazırda ümumi daxili məhsullarının orta hesabla 1,5 faizini ayırdıqları müdafiə büdcəsini artıracaq.

Görüşdə “Düşmən təhlükəsizlik mühiti bizi irəliyə doğru böyük addım atmağa məcbur edir”,- deyilib və Ukraynadakı hadisələrdən əvvəl olan yeni müdafiə strategiyası da müzakirə edilib. Bu plan 2 il əvvəl başlayıb. Yeni təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq planı Avropanın bu prosesdəki çatışmazlıqlarını və zəif tərəflərini daha aydın şəkildə ortaya qoyur. Rusiyanın Ukraynaya müdaxiləsi də üzv ölkələrin yeni strategiya ilə bağlı razılaşmasını sürətləndirib.

Avropa Birliyinin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, bu, Ukraynadakı müharibəyə cavab deyil, lakin cavabın bir hissəsidir: “Çünki bu, bizi hərbi cəhətdən daha güclü edəcək”. Borrell Rusiyanın Ukraynada, xüsusən də ölkənin cənubundakı liman şəhəri Mariupolda ciddi hərbi cinayətlər törətdiyini də bildirib.

Borrell Aİ-nin Rusiyaya qarşı yeni sanksiya planları və neft boykotunun müzakirə edilmədiyini, bu məsələlərin cümə axşamı keçiriləcək AB liderlərinin sammitində müzakirə olunacağını vurğulayıb.




Bölməyə aid digər xəbərlər