12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Pələng”lər Rusiyanın nüvə silahı tətbiqinə qarşı ssenarilər hazırlayır
Tarix: 24-03-2022 15:33 | Bölmə: Slayd
“Pələng”lər Rusiyanın nüvə silahı tətbiqinə qarşı ssenarilər hazırlayır

Rusiya Ukraynaya təcavüz etdikdən 4 gün sonra ABŞ-da (“Tiger Team” - “Pələng Komandası”) bir komanda formalaşdırılıb. Xüsusi sənədin imzalanması ilə formalaşdırılmış “Pələng Komandası” indiyə qədər qəbul edilən qərarlarda mərkəzi rol oynayır.

Reyting.az
xəbər verir ki, həftədə üç dəfə məxfi iclaslarda toplaşan komanda Putinin nüvə silahından istifadə edəcəyi təqdirdə buna qarşı ssenarilər hazırlayır.

Xatırladaq ki, artıq Rusiya-Ukrayna müharibəsinin bir ayı tamam olur və nəzərlər Rusiya prezidenti Putinin bundan sonra verəcəyi qərarlara yönəlib.

Bildirilir ki, ABŞ və Avropa Ukraynadakı irəliləyişdən məyus olan və Qərbin sanksiyalarından qəzəblənən Putinin yeni planlarına qarşı razılığa gəliblər. Hətta Ağ Ev təhlükəsizlik rəsmilərindən ibarət bir komanda yaradaraq Putinin kimyəvi, bioloji və nüvə silahlarını tətbiq edəcəyi təqdirdə beynəlxalq ictimaiyyətin müharibəyə necə reaksiya verəcəyi ilə bağlı ssenarilər üzərində də çalışırlar.

“Pələng Komandası”na daxil olan bir neçə məmurun sözlərinə görə, yeni formalaşdırılan komanda həm də Putinin Ukraynaya silah və yardım gətirən karvanlara hücum etmək üçün NATO ərazisinə daxil olacağı təqdirdə ona cavab tədbirlərini araşdırır.

Həftədə üç dəfə, məxfi sessiyalarda toplaşan komanda, həmçinin Rusiyanın müharibəni Moldova və Gürcüstan kimi qonşu ölkələrə genişləndirmək istəməsi ilə bağlı cavabları və Avropanın misli görünməmiş qaçqın axınına necə hazırlaşa biləcəyini də araşdırmaqla məşğuldur.

Bu komanda həm də Ukrayna ordusunu silahlandırmaq planlarını, NATO ölkələrindəki hərbi imkanları, Rusiyanın zəif tərəflərini hesablayır, Putin hökumətini böyük təzyiq altında qoyan sanksiyalarda mərkəzi rol oynayır.

Onu da xatırladaq ki, prezident Bayden dəfələrlə Rusiya ilə birbaşa qarşıdurmanın münaqişəni nəzarətdən çıxara biləcəyini bəyan edib. NATO-nun Baş katibi Yens Stoltenberq isə deyib ki, Alyansın münaqişədə iştirakı daha böyük faciələrə səbəb ola bilər.

Qeyd olunur ki, “Pələng Komandası” NATO-nu Ukraynada hərbi güc tətbiqinə sövq edə biləcək həddi də nəzərdən keçirir və ABŞ-ın geosiyasi mövqeyini yaxşılaşdırmaq üçün uzunmüddətli imkanları araşdırır.

“The New York Times”-a danışan yüksək rütbəli ABŞ rəsmisi deyib ki, Bayden hələ də Amerika qüvvələrini Ukraynadan kənarda saxlamaqda qərarlıdır. Onun sözlərinə görə, yeni formalaşdırılan “Pələng Komandası” nüvə silahının hər hansı istifadəsinə reaksiyalardan narahatdır.

Məlumata görə, bir ay bundan əvvəl belə ssenarilər daha nəzəri görünsə də, bu gün Ağ Evdən tutmuş NATO-ya kimi hamı razılaşır ki, Rusiya hərbi dalandan çıxmaq üçün öz arsenalındakı ən güclü silahlardan istifadə edə bilər.

Bir daha diqqətə çatdırırıq ki, bu gün Brüsseldə keçiriləcək NATO sammitində ABŞ prezidenti Bayden və NATO ölkələrinin liderləri bağlı qapılar arxasında müzakirə aparacaqlar. Köməkçilərin və mobil telefonların buraxılmadığı növbədənkənar iclasda Putinə qarşı mümkün ssenarilər müzakirə olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər