12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hərbi analitik: “İndi əsas təhlükəli nöqtələr Ağdərə və Xocavənd şəhərləridir”
Tarix: 25-08-2022 15:59 | Bölmə: Slayd
Hərbi analitik: “İndi əsas təhlükəli nöqtələr Ağdərə və Xocavənd şəhərləridir”

“Artıq Laçınla bağlı problem demək olar ki, həllini tapıb. İndi bizim üçün əsas təhlükəli nöqtələr Ağdərə və Xocavənd şəhərləridir. Məsələn, Ağdərədən Tərtər-Bərdə yolu görünür. Mən bu yolla gedəndə Ağdərədəki yaşayış məntəqələrini dağın üstündə görürəm. Biz oranı görürüksə, deməli, onlar da bizi görürlər. Məntiqlə ermənilər bu yolu istənilən vaxt atəşə tuta bilərlər. Əlbəttə, mən məsələyə daha çox hərbi aspektdən yanaşıram. Eyni halı Xocavəndlə Qırmızı bazar arasındakı əraziyə də şamil etmək olar”.

Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə deyib.

Onun sözlərinə görə, sırf siyasi-strateji istiqamətdən baxdıqda sözsüz ki, əsas məsələ Xankəndidir. “Xankəndi şəhərində Azərbaycanın suverenliyi bərpa edilsə, dövlət bayrağımız dalğalansa, digər məsələlər də öz həllini tapmış olacaq”,- A. İsazadə əlavə edib.

Hərbi analitik diqqətə çatdırıb ki, Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağı dalğalandıqdan sonra yuxarıda dediyi və demədiyi bir sıra problemli məsələlər mexaniki olaraq həllini tapacaq: “Xankəndi şəhərində Azərbaycan bayrağı qaldırılsa, Xocalı hava limanında Azərbaycan təyyarələri uçmağa başlasa, bura AZAL-ın idarəçiliyində olsa, təhlükəli məsələlər avtomatik olaraq yoluna qoyulacaq. İndi Laçından sonra Azərbaycanın növbəti hədəfinin hara olacağını demək çətindir. Çünki qarşı tərəfdən də çox şey asılıdır”.

A. İsazadə deyib ki, Zəngəzur dəhlizinin statusu ilə yeni Laçın dəhlizinin statusu eyni olacaq: “Mən səhv etmirəmsə, bir müddət əvvəl rəsmilərdən kimsə bunu səsləndirmişdi. Əlbəttə, hazırda danışıqlar gedir. Məntiqlə hər iki dəhlizin statusu eyni olmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər