12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Minsk qrupu bizim üçün yoxdur”
Tarix: 26-08-2022 15:31 | Bölmə: Slayd
Professor: “Minsk qrupu bizim üçün yoxdur”

“ABŞ hələ də ATƏT-in Minsk qrupu həmsədrliyi institutunu davam etdirir, yeni həmsədr təyin edir. Amma bu institut çoxdandır ki, işləmir və Azərbaycanın da belə bir qrupa ehtiyacı yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, artıq Minsk qrupu formatı yoxdur. ABŞ-ın belə gedişi isə bizdə ancaq təəssüf hissi yarada bilər”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev ABŞ administrasiyasının Minsk qrupuna yeni həmsədr təyin etməsindən danışarkən deyib.

C. Nuriyevin iddiasına görə, ABŞ belə gedişlərlə Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq istəyir: “Amma Vaşinqtonda yaxşı bilirlər ki, Azərbaycan tərəfi belə bir formatı rədd edir. Prezident İlham Əliyev 2020-ci ildə müharibədən sonra həmsədrləri qəbul edərkən bildirdi ki, belə formata artıq ehtiyac yoxdur və onun görməli olduğu işləri Azərbaycan Ordusu yerinə yetirib. Qısası, Minsk qrupu təqaüddə olan təşkilatdır. İndi ABŞ Yaxın və Orta Şərq siyasətini öz düşüncələrinə görə “dizayn” etmək istəyir. Təbii ki, burada Türkiyənin danılmaz rolunu qısqanan qüvvələr də var”.

Professor əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Minsk qrupuna həmsədr təyinatına cavab verib:

“Parlament tətildə olduğu üçün hələ reaksiya verməyib. Amma bütün hallarda belə gedişi ABŞ kimi dövlətə yaraşdırmaq olmur. Görünən odur ki, cənab Baydenin yanında olan siyasətçilər daha çox “satılıb-alınan” siyasətçilərdir. Blinken və ətrafı, eləcə də bəzi qüvvələr ermənipərəstlərə yaxınlaşırlar.

Ermənistanda hazırda ciddi depressiya var. Paşinyan da ipə-sapa yatmır, Rusiyadan uzaqlaşmağa çalışır, amma ABŞ-la da məsafəli davranır. Burada erməni kilsəsi, ianə məsələsi də var. Ermənilərin də ən böyük təşkilatı - ANKA ABŞ-da yerləşir. Orada bir qrup adamın sadəcə marağı var. Əgər bu addımın atılması üçün bir milyon dollar xərclənibsə, ANKA bunun qarşılığında 10 milyon dollar gəlir götürəcək. Demək istəyirəm ki, bu, biznes layihəsidir, buna siyasi layihə kimi baxmamalıyıq”.

C. Nuriyev bildirib ki, Azərbaycan Minsk qrupunu və bu formatı qətiyyətlə qəbul etmir və etməyəcək: “Azərbaycan bu formatı necə qəbul edə bilər ki, nə Dağlıq Qarabağ, nə onun statusu, nə də artıq belə bir problem var? Azərbaycan Ordusu ermənilərin daha çox hay-küy saydığı Laçına da nəzarəti bərpa edib. Bu, ən strateji nöqtədir. Bu baxımdan Minsk qrupu bizim üçün yoxdur. Azərbaycan XİN bununla bağlı ABŞ-a layiqli cavab verib. Hadisələr göstərir ki, Minsk qrupunu kimlərsə dirçəltməyə cəhd etsə də, onu yerindən tərpədə bilməyəcəklər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər