12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya “Taliban”la anlaşır - Yeni əməkdaşlıq başlayacaq
Tarix: 31-08-2022 12:41 | Bölmə: Slayd
Rusiya “Taliban”la anlaşır - Yeni əməkdaşlıq başlayacaq

Rusiya-Ukrayna müharibəsi dünyadakı iqtisadi tarazlıqlara da ciddi təsir göstərib. ABŞ, Avropa İttifaqı və NATO birgə hərəkət edərkən, Rusiya yeni müttəfiqlər və iqtisadi bazarlar tapmağa çalışır. Rusiya prezidenti Putinin son addımı bunun ən maraqlı nümunələrindən biridir.

Reyting.az
xəbər verir ki, V. Putin yeni addımlar atmağa məcbur olur və gözlənilməz razılaşmalar işə düşür.

Rəsmilər deyirlər ki, “Taliban” Rusiya ilə buğda, qaz və neft sövdələşməsini təmin etmək ərəfəsindədir.

“Taliban”ın başçılıq etdiyi Əfqanıstan neft və qaz idxalı üçün tezliklə Rusiya ilə müqavilə bağlamağa hazırlaşır.

Bankları sanksiyaya məruz qalan “Taliban” öz vəsaitlərini üçüncü ölkə vasitəsilə köçürəcəyini açıqlayıb. “Taliban”ın nümayəndə heyəti Rusiya rəsmiləri ilə sərfəli sövdələşmələr aparmaq və Rusiyadan qaz, neft və buğda tədarükü üçün müqavilələr bağlamaqdan ötrü Moskvadadır.

Əfqanıstan İqtisadiyyat Nazirliyinin sözçüsü Həbiburahman Həbib təsdiqləyib ki, “Taliban”ın nümayəndə heyəti Rusiya qazı, nefti və buğdasının tədarükü ilə bağlı müqavilələri yekunlaşdırmaq üçün Moskva səfər edib.

H. Həbib mətbuata açıqlamasında Rusiya tərəfi ilə danışıqlar apardıqlarını deyib.

Digər bir əfqan mənbə bildirib ki, bu ay nazirlərdən ibarət nümayəndə heyəti Rusiyaya səfər edib və Əfqanıstanın Maliyyə və Ticarət Nazirliyinin rəsmiləri sövdələşmələr üzərində işləmək üçün orada qalıblar.

Məlumata görə, artıq Rusiya nefti ilə bağlı demək olar ki, razılaşma var.

Xatırladaq ki, həm Rusiya, həm də “Taliban”ın rəhbərlik etdiyi Əfqanıstan beynəlxalq təşkilatlar və hökumətlərin tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəkir. Ötən ilin avqustunda “Taliban” Əfqanıstana nəzarəti bərpa etdikdən sonra ölkənin mərkəzi bankının aktivləri dondurulub.

Rusiyaya qarşı tətbiq edilən tədbirlərdən bəzilərinə ölkənin maliyyə ehtiyatlarının təxminən yarısının dondurulması, banklarına SWIFT maliyyə əməliyyatları sisteminə qadağa qoyulması, Rusiya nefti və kömürünün embarqoları daxildir.

Sanksiyaları və heç bir xarici hökumətin, o cümlədən Moskvanın “Taliban” idarəçiliyini rəsmən tanımadığı faktını nəzərə alsaq, “Taliban”ın Rusiyaya pulu necə ödəyəcəyi maraqlıdır.

Plana rəsmi bank kanallarının daxil olub-olmaması ilə bağlı hələlik heç bir şərh verilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər