12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Partiya sədri: “Brüssel görüşündən bir gün əvvəl Moskvada belə görüşün təşkili o deməkdir ki...”
Tarix: 31-08-2022 15:44 | Bölmə: Slayd
Partiya sədri: “Brüssel görüşündən bir gün əvvəl Moskvada belə görüşün təşkili o deməkdir ki...”
Q. Əlibəyli

“Uzun müddətdən sonra Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan-Ermənistan arasında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, eləcə də Sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclasının keçirilməsi müsbət hadisədir. Hesab edirəm ki, belə görüşlər hələ davam edəcək. Bu görüş, həm də Brüssel görüşü üçün görüntü yaratmaqdır. Çünki hər iki tərəfin baş nazir müavinlərinin təmsil olunduğu komissiya əvvəllər də görüşüb. Hətta konkret vaxt da müəyyən olunmuşdu. Amma baş tutmadı. İndi Brüssel görüşü ərəfəsində Moskvada belə təmasın olması maraqlıdır. Məncə, hətta görüntü xarakterli olsa belə, bu, irəliyə doğru addımdır. Həm də müəyyən müsbət nəticələr verə bilər”.

Bunu Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri əlavə edib ki, əslində prosesin irəliləməməsinə səbəb İrəvan və Moskvadır. Onun qənaətincə, hər iki tərəf prosesi uzatmağa çalışır: “Yəni bu məsələdə Azərbaycandan asılı bir şey yoxdur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə sabitliyin yaranmasında, sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda maraqlıdır və bunun üçün ondan asılı olan addımları atmağa hazırdır. Amma Ermənistan, Rusiya, elə Qərb ölkələri də maraqlıdır ki, problem həll edilməsin, proses davam etsin və nəticədə öz maraqlarını təmin edə bilsinlər”.

Q. Əlibəyli xatırladıb ki, indiyə qədər Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında bir neçə görüş olub: “Belə görüşlərin olması icraya başlanılmasına görüntü yaradan haldır. Azərbaycan bu işdə maraqlıdır. Ermənistan və Rusiya da maraqlı olsa, prosesi irəli aparmaq mümkündür.

İkincisi, Brüssel görüşündən bir gün əvvəl Moskvada belə görüşün təşkili faktının özü maraqlıdır. Belə qənaətə gəlmək olar ki, Moskva bütün imkanları ilə vasitəçilik missiyasını inhisarında saxlamağa çalışır, Cənubi Qafqazdakı maraqlarını əldən vermək istəmir. Əlbəttə, Cənubi Qafqazda Rusiyanın maraqları var. Amma dövlət maraqlarını separatçı rejimi gücləndirmək, arxa fonda müdafiə etməklə həyata keçirmək uzunmüddətli nəticə verə bilməz”.

Q. Əlibəyli sonda diqqətə çatdırıb ki, normalda prosesi irəli aparsalar, sülh müqaviləsi imzalansa, regionda inkişaf başlasa, Zəngəzur dəhlizi açılsa, bu, Rusiyanın da iqtisadi, siyasi və geosiyası maraqlarına cavab verər.

Reyting.az





Bölməyə aid digər xəbərlər