12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Enerji böhranı: Avropa qışdan necə çıxacaq?
Tarix: 31-08-2022 19:02 | Bölmə: Slayd
Enerji böhranı: Avropa qışdan necə çıxacaq?

“Avropada müşahidə edilən enerji böhranının daha böyük problemlərə səbəb olacağı haqda fikirləri əsaslı hesab etmirəm. Avropada enerji böhranının yaranmasına səbəb Ukrayna müharibəsi və Rusiyanın satdığı qazın miqdarını azaltmasıdır. Amma Avropada rus qazından ən çox asılı olan ölkə Almaniyadır. Ancaq Almaniya özünün qaz ehtiyatının 80 faizini artıq təmin edib. Bu, böyük həcmdir. Bəli, böhranın müəyyən təsirləri olacaq, enerji daşıyıcılarının qiymətində artım davam edəcək. Lakin faciəvi proses gözləmirəm”.

Bunu Reyting.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Avropadakı enerji problemindən danışarkən deyib.

A. Mollazadənin sözlərinə görə, uzun illərdir ki, Avropa Birliyi ölkələrinə çağırışlar edilib: “Onlar öz enerjisinin şaxələndirilməsi istiqamətində işlər aparmaq üzrə idi. Hətta müəyyən qədər lobbi və korrupsiya qrupları da bu məsələdə öz təsirini göstərib. İndi onlar bu vəziyyətdən dərs almalıdırlar. Enerjinin şaxələndirilməsi istiqamətində ciddi iş görülməlidir. Mənə elə gəlir ki, indi Avropada enerji böhranı müşahidə edilsə də, ümumilikdə faciəvi nəticələr olmayacaq”.

A. Mollazadə daha bir maraqlı məqama diqqət çəkərək bildirib ki, əslində bu gün Avropada enerji böhranı və bunun böyük nəticələrə səbəb ola biləcəyinə dair məlumatları Rusiya və ya rusların sponsurluğu ilə Qərbdə fəaliyyət göstərən media qurumları yayır: “Çoxlarının düşündüyünün əksinə olaraq mən gözləmirəm ki, qarşıdan gələn qış fəslində Avropada qaz problemi dəhşətli olacaq. Əksinə, Avropa bunun alternativlərini axtarır və 2035-ci ilə qədər bu işi “yaşıl enerji” təminatı hesabına genişləndirəcək”.

Mollazadə enerji böhranının Avropada hökumətləri dəyişdirə biləcəyi haqda fikirləri də əsassız sayır. Deyir ki, belə məlumatların idarə olunduğu mərkəz Rusiyanın maraqlarına xidmət göstərir.

Reyting.az




Bölməyə aid digər xəbərlər