12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Krıma çıxış üçün şiddətli döyüşlər başlayıb
Tarix: 01-09-2022 10:55 | Bölmə: Slayd
Krıma çıxış üçün şiddətli döyüşlər başlayıb

Rusiya-Ukrayna müharibəsinin altıncı ayı başa çatdıqdan sonra Ukrayna ordusu cənub istiqamətində əks hücuma keçib. “Krımın açarı” uğrunda toqquşmalar tam sürətlə davam edərkən, hər iki tərəfin itkiləri ilə bağlı diqqətçəkən açıqlamalar verilir.

Reyting.az
xatırladır ki, müharibənin ilk günündən - fevralın 24-ü səhər saatlarından ölkənin paytaxtı Kiyevi əsas hədəf seçən Rusiya ordusu həftələrlə mühasirə və ardıcıl hücumdan sonra bölgədən çəkilərək, ölkənin şərqinə dönməyə məcbur olub.

Bu çərçivədə Rusiya bu bölgənin bir çox şəhərini hədəfə alıb və nəticədə “Donbasdakı son qala” kimi tanınan Lisiçansk üzərində nəzarətini təmin edib. Bundan sonra Donetsk bölgəsində qarşıdurmaların şiddətlənməsi ilə müharibə yeni mərhələyə qədəm qoyub.

Ukrayna qoşunları Xerson istiqamətində əks hücuma keçib. Hər iki tərəfdən ziddiyyətli açıqlamalar verilsə də, “CNN İnternational” regiondakı son vəziyyətlə bağlı yeni məlumat yayıb.

Adı açıqlanmayan hərbi mənbə “CNN International”a bildirib ki, Ukrayna qüvvələri Xerson şəhərindən təxminən 23 kilometr cənub-qərbdə Pravdyne, Nova Dmitrivka və Tomyna Balkanı ələ keçirib.

Eyni mənbə Ukrayna qüvvələrinin Xerson şəhərinin cənubunda irəliləyişini davam etdirdiyini də bildirib.

“Mən eşitmişəm ki, 1000 ukraynalı və 1500 rus öldürülüb”, - Yunanıstanın Xersondakı fəxri konsulu Pantelis Boubouras bölgədəki münaqişə haqqında “Əl-Cəzirə” telekanalına deyib.

Rusiya Müdafiə Nazirliyi Xerson vilayətində Krivı-Roqın geri alınması cəhdi zamanı 1200 Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb və ərazi itkisinin olmadığını iddia edib.

Ukrayna prezidenti Volodimir Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz verib.

Xersonun geri alınması digər işğal olunmuş şəhərlərin də azad olunacağına ümidi artıracaq. Bundan başqa, bu, Krım yolunu da açacaq. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma yolu açmaq üçün mübarizə aparır. Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər.

Zelenski Ukrayna əsgərlərinin Rusiya ordusunu sərhədə qədər izləyəcəklərini bildirib və rus əsgərlərinin hansı şəraitdə sağ qalacağını açıqlayıb. Rus əsgərlərinə xitabən Zelenski deyib: “Əgər sağ qalmaq istəyirlərsə, qaçmağın vaxtıdır”. O, rus əsgərlərinə təslim olmaq çağırışını da təkrarlayıb.

Qeyd edək ki, Rusiya aylardır hərbi itkilərini açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisi 498 göstərilib.

Rusiya hökuməti nadir hallarda ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə çoxsaylı zabitin həlak olduğunu göstərir.

Dünən gecə Zelenski yayımladığı video- müraciəti zamanı da Donbasda ağır döyüşlərin getdiyini, ukraynalıların mövqelərində möhkəm dayandığını bildirib və Ukrayna ordusuna təşəkkür edib.

Beləliklə, hazırda ağır döyüşlər Xersonda getsə də, onun arxa planında Krım dayanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər