12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılaşmalar yerinə yetirilmir
Tarix: 01-09-2022 16:56 | Bölmə: Slayd
Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılaşmalar yerinə yetirilmir

“Rusiya hesab edir ki, 200 ildən artıq bir müddətdə Qafqaz onun təsir dairəsində olub və buradakı bütün prosesləri yenə özü idarə etməlidir. Bu baxımdan indi Rusiyanın Avropa İttifaqının təşəbbüsü ilə keçirilən Azərbaycan-Ermənistan görüşlərinə münasibəti mənfidir, qısqanclığı da açıq-aşkar hiss edilir. Həm Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın, həm də digər şəxslərin dilindən bu qısqanclıq müşahidə olunur. Yəni Rusiya hesab edir ki, Güney Qafqazda prosesləri yalnız o tənzimləyə və proses onun vasitəçiliyi ilə aparıla bilər”.

Bunu Reyting.az-a siyasi analitik Oqtay Qasımov deyib.

O. Qasımovun fikrincə, Azərbaycan üçün Rusiya ilə əlaqələr vacibdir:

“Bizim Rusiya ilə yüksək səviyyəli münasibətlərimiz, eləcə də 22 fevralda imzalanan müttəfiqlik haqqında razılaşmamız var. Amma Azərbaycan Rusiyada aparılan danışıqlarda da iştirak edir. Eyni zamanda Avropa Birliyi formatında dialoq da var. Çünki Azərbaycanın həm 44 günlük savaşda, həm də yeni yaranan situsiyada imkanları genişlənib. Eyni zamanda Azərbaycan haqlı tərəfdir və beynəlxalq hüququn tələblərinə uyğun olaraq istədiklərini ortaya qoyur və almağa çalışır. Bu baxımdan Rusiya tərəfindən verilən açıqlama anlaşılandır”. Siyasi analitikin iddiasına görə, Rusiya özünün iştirak etmədiyi vasitəçilik platformalarını əngəlləməyə də çalışa bilər:

“Lakin Rusiyada anlamalıdırlar ki, 10 noyabrda imzlanmış üçtərəfli bəyanatın bəzi müddəaları bu günə qədər həyata keçirilməyib. Baxmayaraq ki, həmin sənədin imzalanmasının iki ili yaxınlaşır. Buraya həm Ermənistan ordusunun Qarabağdan çıxarılması, kommunikasiyaların açılması, həm də azərbaycanlı məcburi köçkünlərin keçmiş Dağlıq Qarabağa qaytarılması məsələsi daxildir. Hələlik bu məsələlər həllini tapmayıb”.

O. Qasımov xatırladıb ki, kommunikasiyalarla bağlı 11 yanvar 2021-ci ildə Moskvada görüş keçirilib: “Orada kommunikasiyaların açılmasına dair işçi qrupu yaradıldı, bu qrupun qarşısına konkret məqsədlər və zaman qoyuldu. Baş nazirlərin müavinləri səviyyəsində yaradılan işçi qrupa tapşırıldı ki, iki ay ərzində konkret qrafik və təkliflər hazırlansın. Amma o dövrdən bu yana kommunikasiyaların açılmasında irəliləyiş yoxdur. Yalnız Laçın dəhlizinə alternativ yolun çəkilməsi istisnadır ki, bunu da Azərbaycan həyata keçirib. Amma Ermənistan tərəfindən Zəngəzur dəhlizinin 42 kilometrlik məsafəsində heç bir addım atılmayıb. Bu baxımdan Rusiya vasitəçiliyində keçirilən görüşlərdə qəbul edilən sənədlərin icrasını görmürük. Bu mənada Avropa İttifaqının təşəbbüsü ilə keçirilən müzakirələrdə iştirak etmək normaldır və maraqlarımıza zidd deyil. Hər halda Ukrayna savaşı Qərblə Rusiyanı üz-üzə gətirdiyi üçün biz, Brüsselin vasitəçiliyinə dair Rusiyadan mənfi reaksiyaları zaman-zaman görəcəyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər