12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ruben Vardanyanı Xankəndiyə Kreml göndərib
Tarix: 02-09-2022 18:35 | Bölmə: Slayd
Ruben Vardanyanı Xankəndiyə Kreml göndərib
Ruben Vardanyan

“Rusiya Qarabağ münaqişəsinin davam etməsində maraqlıdır. Ona görə də, bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olur, digər tərəfdən də Qarabağda bu və ya başqa şəkildə təxribat xarakterli işlər görür. Bu da üçtərəfli bəyanata ziddir. Həmin razılaşmaya uyğun olaraq Xankəndi şəhərinin Azərbaycan suverenliyinə qaytarılmasına mane olur. Rusiya özünün hərbi üstünlüyünü təmin etmək üçün addımlar atır. Xankəndi şəhərindəki son hadisə də bu qəbildən olan təxribatdır”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rusiya vətəndaşı olan erməni milyarder Ruben Vardanyanın Xankəndi şəhərində peyda olması və burada yaşayacağını deməsini şərh edərkən bildirib.

ADP sədri əmindir ki, Ukrayna müharibəsi başa çatana qədər Rusiya Qafqazda dəyişiklik istəmir: “İndi atdığı addımlar da bu məqsədi güdür. Vardanyanı Xankəndiyə Kreml göndərib. Əlbəttə, Moskvada milyarder olan biri özbaşına Rusiyanın maraqlarına zidd olan prosesə girə bilməz”.

Bununla belə, S. Cəlaloğlu hesab edir ki, R. Vardanyanın Xankəndi şəhərində cəmləşmiş separatçı ermənilərə rəhbərlik edəcəyi real deyil: “Belə varlı adam bunu qəbul etməz. İndiki halda bu, Rusiyaya əlavə güc vermək məqsədi güdür. Ona görə də, Azərbaycan, lazım gəlsə, qoşun yeridib orada suverenliyini bərpa etməlidir”.

ADP sədrinin iddiasına görə, ruslar prosesə mane olmaqda davam edir:

“Düzdür, Laçından ermənilərin çıxmasına etiraz etmədilər. Amma ümumilikdə ruslar məqsədlərindən əl çəkməyib və münaqişənin qalmasında maraqlıdırlar. Azərbaycan düzgün siyasət aparsa, Türkiyə ilə birlikdə hərəkət etsə, sözsüz ki, rusların niyyəti baş tutmayacaq. Amma düzgün siyasət aparmasaq, mümkündür ki, Rusiya bizə problem yaratsın”.

S. Cəlaloğlunun fikrincə, Azərbaycanda elə qüvvələr var ki, Rusiyanın nəzarətindədir: “Amma Azərbaycan hökuməti üçtərəfli bəyanata zidd olsa belə, lazım gələndə kəskin addımlar atmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər