12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qiymət artımı hökumətləri təhdid edir - Qışda gərginlik arta bilər
Tarix: 03-09-2022 16:53 | Bölmə: Slayd
Qiymət artımı hökumətləri təhdid edir - Qışda gərginlik arta bilər

Əsasən Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan ərzaq böhranı və inflyasiya digər ölkələrlə yanaşı Avropada da sosial gərginliyi artırıb. Mütəxəssislər “böyük təlatüm dövrü” barədə xəbərdarlıq edir, siyasətçilər isə böhrandan çıxış yolu axtarırlar.

Reyting.az
xəbər verir ki, artan enerji və ərzaq qiymətləri və müşahidə edilən inflyasiya iqtisadiyyatı inkişaf etmiş Avropa ölkələrində dolanışıq və sosial narazılığı artırır.

Mütəxəssislərin iddiasına görə, bir çox Avropa ölkəsi qış aylarında küçə nümayişlərinə və kütləvi etirazlara şahid ola bilər.

Qlobal risk və strateji məsləhət şirkəti - “Verisk Maplecroft” tərəfindən açıqlanan son Vətəndaş Narazılıq İndeksi dünya ölkələrinin yarıdan çoxunda sosial iğtişaş riskinin artdığına diqqət çəkir.

Hesabatda qeyd edilir ki, Rusiyanın Ukraynaya hücumu ərzaq və yanacağın qiymətlərində böyük artıma səbəb olub, dünyada yaşayışı çətinləşdirsə də, bunun nəticələri hələ öz təsirini göstərməyib.

Riskin daha çox orta gəlirli və inkişaf etməkdə olan ölkələrdə artdığı vurğulansa da, daha zəngin Avropa ölkələrində də oxşar risklərin olduğu bildirilir. Almaniya, Hollandiya, İsveçrə, Bosniya və Herseqovina da sosial iğtişaş riskinin yüksək olduğu Avropa ölkələri siyahısına daxil edilib.

“Verisk Maplecroft”un baş analitiki Torbjorn Soltvedtin proqnozlarına görə, bəzi inkişaf etmiş Avropa ölkələrində qış aylarında daha ciddi sosial gərginliklər baş verə bilər.

Şirkətin hesabatına görə, yalnız qlobal ərzaq və enerji qiymətlərinin əhəmiyyətli dərəcədə azalması bütün dünyada vətəndaş iğtişaşları riskini azaldar.

Avropadakı hökumətlər tətbiq etdikləri qənaət tədbirləri ilə enerji böhranının öhdəsindən gəlməyə çalışır və eyni zamanda dəstək paketləri ilə dolanışıqları çətinləşən insanları razı sala biləcəklərinə ümid bəsləyirlər.

Dünyanın digər ölkələrində olduğu kimi Almaniyada da ərzaq qiymətləri artır. İspaniya da bu ölkələr sırasındadır.

İspaniya hökuməti istehlakçıları sakitləşdirmək üçün təbii qaza tətbiq edilən əlavə dəyər vergisini 3 ay ərzində 21 faizdən 3 faizə endirdiyini açıqlayıb.

Yüksək enerji və ərzaq qiymətlərinə görə xalqın reaksiyasını dəstək paketləri ilə yumşaltmağa çalışan Almaniya hökumətinə qarşı təzyiqlər günü-gündən artır və rəy sorğuları koalisiya hökumətinə dəstəyin azaldığını göstərir.

Sentyabrın 1-dən etibarən Almaniyada ölkə daxilində enerjiyə qənaət üçün nəzərdə tutulan yeni tədbirlər qüvvəyə minib. Həm fiziki şəxslər, həm də şirkət və qurumlar üzərinə öhdəliklər qoyan bu tədbirlərlə Almaniya Rusiyadan asılılığını azaltmağı hədəfləyir.

Bütün bunlara baxmayaraq, Almaniya kansleri Olaf Şolz qış aylarını böhransız keçə biləcəklərinə inandığını bildirir: “Almaniya Rusiyadan qaz almağı tamamilə dayandırsa da, böyük ehtimalla bu qış böhransız keçəcək”.

Bununla belə, enerji qiymətlərində rekord artımlar və inflyasiya ictimaiyyəti narahat edir. İctimai rəyi öyrənən “YouGov” şirkətinin son sorğusuna əsasən, Almaniyada hər iki nəfərdən biri qış aylarında evini daha az qızdırmaq barədə düşünür.

Avropa siyasətçiləri çıxış yolu axtarırlar. Gündəliyə salınan təkliflərdən biri də Avropanın elektrik enerjisi bazarında struktur islahatlarının aparılmasıdır. Bu yolla enerji qiymətlərinin artmasının istehlakçıların yükünü yüngülləşdirəcəyinə ümid edirlər.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, elektrik enerjisi bazarında struktur islahatları üçün önümüzdəki həftələrdə addımlar atacaqlarını və fövqəladə vəziyyətlər üçün bir proses təyin edəcəklərini açıqlayıb.

Bununla belə, enerji ekspertləri bunun siyasətçilərin dilə gətirdiyi kimi asan proses olmadığını və qısa müddətdə vətəndaşları rahatlaşdıracaq nəticə əldə etməyin mümkünsüzlüyünü deyirlər.

Qeyd olunur ki, əgər bu qış çox soyuq keçərsə, enerji böhranı gözləniləndən daha böyük ola və yaşayış xərcləri də eyni şəkildə arta bilər.

Mütəxəssislər təkcə enerji qiymətlərindəki artımın inflyasiyaya təkan verməsi ilə yanaşı, iqlim dəyişikliyi və onun yaratdığı quraqlığın da mühüm amil olduğunu, ərzaq qiymətlərinin artmasına təsir göstərdiyini bildirirlər.

Dünyanın aparıcı alimlərindən olan Yohan Rokström dünyanın “böyük burulğan” dövrünə qədəm qoyduğuna diqqət çəkib.

Rusiya-Ukrayna müharibəsi səbəbindən mədən yanacaqları ilə iqtisadi inkişaf modelinin məhv edildiyini deyən alim Rokström iddia edir ki, təmiz enerji mənbələrinin qeyri-kafi olması Almaniya kimi ölkələri qışda işıqların kəsilməsi riski ilə qarşı-qarşıya qoyacaq.

Bəşəriyyətin varlığını təhlükəsiz şəkildə davam etdirməsi üçün “Planet Sərhədləri” adlı konsepti inkişaf etdirən Rokström, çətinliklərlə dolu bir dövrün girildiyini və bu dövrün onilliklərlə davam edə biləcəyi xəbərdarlığını edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər