12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qarabağdan Ermənistana çəkilən yeni yolda sərhəd-keçid və gömrük məntəqəmiz olmalıdır - Deputat
Tarix: 03-09-2022 18:06 | Bölmə: Slayd
Qarabağdan Ermənistana çəkilən yeni yolda sərhəd-keçid və gömrük məntəqəmiz olmalıdır

“Erməni güc görməsə təslim və tabe olmur. Belə güc də Azərbaycanda var və vaxtaşırı bu gücdən istifadənin şahidi oluruq.

İndi başqa proses başlayacaq. Ermənilər Xankəndi şəhərinə gedib-gəlmək üçün yeni yoldan istifadə edəcəklər, rus hərbi kontingenti də həmin yola nəzarət edəcək. Rusiya hərbi kontingenti və ermənilər elə bilirlər ki, bu yol onların kef çəkməsi üçün inşa olunub və Laçın dəhlizində olduğu kimi, bu yolla da sərbəst hərəkət edəcəklər. Bütün terrorçular, cinayətkarlar, separatçılar gedib-gələcək, nə istəsələr, aparıb-gətirəcəklər. Mən isə hesab edirəm ki, belə olmayacaq. Azərbaycan buna yol verməməlidir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycanın Xankəndi şəhərindən Ermənistana çəkilən yol barədə danışarkən deyib.

E. Məmmədov əlavə edib ki, Azərbaycanın yeni açılan yola nəzarəti olmalıdır: “Həmin yolda sərhəd-keçid və gömrük məntəqəmiz fəaliyyət göstərməlidir. Yəni erməniləri başa salmaq lazımdır ki, bura Azərbaycan ərazisidir, sizə yol vermişik, amma nəzarətimiz altında...


E. Məmmədov

Həmçinin, rus hərbi kontingentinə də tam arxayın olmamalıyıq. Arxayın olduq və nəticəsini də gördük. Nə qədər silah-sursat daşıyırdılar. Təkcə Sarıbaba dağını nəzarətə götürəndə kiçik ərazidə minə qədər mina aşkarlandı. Bu minaların istehsal tarixi 2021-ci il idi. Harada istehsal olunub? Ermənistanda. Rus hərbçilərin xəbəri olmadan bu qədər mina necə daşınıb bu ərazilərə? Deməli, şərait yaradıblar. Odur ki, yeni yolda da bu problem olacaq. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi belə halların qarşısını almaq üçün ciddi tədbirlər görəcək”.

E. Məmmədovun fikrincə, Ermənistandakı proseslər, indiki siyasi vəziyyət göstərir ki, İrəvan istəsə də, istəməsə də Türkiyə ilə əlaqələrin yaranmasının tərəfdarı olacaq: “Eyni zamanda Azərbaycanla əlaqə qurmaq istəyir. Amma buna mane olan qüvvələr, daha dəqiqi, dövlətlər var. Rusiya bölgədə öz nəzarətini qoruyur, ondan daha çox İran münasibətlərin qaydaya düşməsini istəmir. Çalışırlar ki, Türkiyənin bölgədə nüfuz və təsiri güclənməsin, Ermənistan-Azərbaycan əlaqələri qurulmasın. Bəhanələri də odur ki, guya Ermənistanla İran arasında gediş-gəlişə mane olan proses başlayıb. Bunu deyəndə Zəngəzur dəhlizini nəzərdə tuturlar”.

E. Məmmədov əlavə edib ki, Qərb Rusiyanın bölgədə nüfuz və təsirini azaltmaq üçün əlindən gələni edir: “Bütün bunlar Ermənistana siyasi arenada manevr etmək məcburiyyəti yaradır. O mənadakı Ermənistan hansı tərəfdə olacaq və hansı yolu seçəcək. Əvvəlki kimi Türkiyə və Azərbaycanla düşmənçilik yolunu seçəcəksə, heç bir uğur əldə etməyəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər