12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan ənənəvi siyasətini davam etdirsə, hərbi əməliyyatlar qaçılmaz olacaq
Tarix: 06-09-2022 20:15 | Bölmə: Slayd
Ermənistan ənənəvi siyasətini davam etdirsə, hərbi əməliyyatlar qaçılmaz olacaq

“Ermənistan baş naziri Nikol Paşinyan daima ziddiyyətli bəyanatlar verir. Çünki atılan addımlar bir-birinə adekvat deyil. Bir neçə gün əvvəl Azərbaycan prezidenti İtaliyada çıxış edərkən dedi ki, sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılsa, yaxın zamanlarda bunu imzalamaq mümkündür. Yəni hər şey Ermənistan və onun rəhbərliyindən asılıdır. Ermənistan müstəqil dövlətdirsə və müstəqil şəkildə qərar verə bilirsə, bölgədə sabitlikdə maraqlıdırsa, bu halda biz ilin sonuna qədər sülh sazişinin imzalanmasını görə bilərik”.

Bunu Reyting.az-a siyasi analitik Oqtay Qasımov Ermənistan baş naziri Nikol Paşinyanın “Hesab edirəm ki, ilin sonuna qədər sülh sazişi imzalanmalıdır”,- bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər Ermənistan ənənəvi siyasətini davam etdirəcəksə - hazırda biz bunu müşahidə edirik - bu halda digər vasitələrə ehtiyac yaranacaq: “Bu da Ermənistan üçün yaxşı perspektiv vəd etmir. Mən digər vasitələr deyəndə hərbi alətləri nəzərdə tuturam. Ermənistan öz hərbi birləşmələrini, Qarabağdakı guya “müdafiə ordusu” adlanan separatçı dəstələri saxlamaqda davam edəcəksə, ağır silahlar bölgədən çıxarılmayacaqsa, bu gərginlik mənbələrinin qalması olacaq. Bu zaman terror və təxribat hadisələrinə baş vurulacaqsa, Azərbaycan hərbi imkanlarından istifadə edərək bunun qarşısını alacaq”.

O. Qasımov xatırladıb ki, indiyə qədər Ermənistan ənənəvi siyasətini davam etdirib və bu da qarşıdurmalara səbəb olub: “Məsələn, ən son “Qisas” əməliyyatı keçirildi. Həmin terrorçu qruplaşmaların canlı qüvvələri, mövqeləri vuruldu, bəzi yerlər nəzarətə götürüldü. Ermənistan ənənəvi siyasətini davam etdirərsə, Qarabağda təxribatlar törədərsə, Azərbaycan tərəfi də buna adekvat tədbirlərə əl atacaq. Terror cəhdləri, əsgərlərimiz və mövqelərimizin atəşə tutulması davam edəcəksə, Azərbaycan həmin nöqtələri susduracaq və lazım gələndə əməliyyatlar keçirəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər