12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Siyasi partiyalarla bağlı yeni qanun: nələr dəyişəcək? - Detallar
Tarix: 07-09-2022 15:39 | Bölmə: Slayd
Siyasi partiyalarla bağlı yeni qanun: nələr dəyişəcək?

Azərbaycanda siyasi partiyanın təsisi, fəaliyyətinin dayandırılması, bərpası, ona nəzarət forması qaydaları bəlli olur.

Reyting.az
xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Yeni layihəyə əsasən, siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur.

Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 7.3.3-cü və 7.4-cü maddələrinə uyğun olaraq müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 1 il müddətinə dayandırıla bilər. Siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Həmin məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

Siyasi partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi tarixdən, yaxud müvafiq məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən dayandırılmış hesab olunur.

Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.

Bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra siyasi partiya 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 7.3.3-cü və 7.4-cü maddələrində nəzərdə tutulmuş xəbərdarlığında göstərilmiş pozuntuları aradan qaldırır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumatı təqdim edir. Təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılması müəyyən edildikdə, məlumatın daxil olduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin məlumat alındığı tarixdən siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.

Bu Qanunun 8.5-ci və 8.6-cı maddələrinə uyğun olaraq siyasi partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində siyasi partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

Bu Qanunun 8.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddətdə məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə, həmçinin təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılmadığı müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 9.3-cü maddəsinə uyğun olaraq tədbir görür.

Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər. Bununla bağlı məsələlər “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Bundan başqa siyasi partiyaların təsis edilməsi üçün yeni qayda müəyyənləşib.

Qeyd olunur ki, siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan, Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.

Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirəcəklər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilməyəcək.

Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunacaq, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən ediləcək. Siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa, təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər ediləcək.

Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdiriləcək. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstəriləcək.

Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edəcək. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənəcək.

Həmçinin, Azərbaycanda azı 10 min üzvü olan siyasi partiyalar dövlət qeydiyyatına alınacaq.

Layihədə qeyd edilib ki, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olmalıdır.

Bununla bərabər, siyasi partiyaların fəaliyyətinə nəzarət yeni qaydada tənzimlənəcək.

Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

- siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənir;

- siyasi partiyanın yaradılması zamanı yol verilmiş Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinin pozulması halları ilə əlaqədar araşdırma aparır;

- siyasi partiyaya bu Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş qaydada yazılı xəbərdarlıq edir;

- bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada siyasi partiyanın fəaliyyətinin dayandırılması və onun ləğvi barədə məhkəmədə iddia qaldırır.

Siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunun öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

- siyasi partiyanın fəaliyyəti ilə bağlı üzvlərindən, həmçinin dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə baxır, mediada dərc olunmuş (yayımlanmış) məlumatları nəzərdən keçirir;

- dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir;

- məsələ ilə bağlı siyasi partiyanın qanuni təmsilçisinin izahatını alır;

- Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tədbirlər görür.

Siyasi partiyanın yaradılması zamanı yol verilmiş normativ hüquqi aktların tələblərinin pozulması hallarının araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

- məsələ ilə bağlı siyasi partiyanın qanuni təmsilçisinin izahatını alır;

- bu Qanunun 6.1-ci maddəsinin tələbinin pozulması halı müəyyən edildikdə siyasi partiyanın dövlət qeydiyyatının etibarsız sayılması barədə məhkəmədə iddia qaldırır;

- normativ hüquqi aktların pozulmasının aradan qaldırılmalı olan digər halı müəyyən edildikdə siyasi partiyaya yazılı xəbərdarlıq edir.

Bu Qanunun 7.2-ci maddəsi çərçivəsində görülmüş tədbirlər nəticəsində normativ hüquqi aktların və siyasi partiyanın nizamnaməsinin pozulması halı (bu Qanunun 4.3-cü maddəsinin, həmçinin fəaliyyəti dayandırılmış siyasi partiya tərəfindən bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin pozulması halı istisna olmaqla) müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyaya yazılı xəbərdarlıq edir.

Bu Qanunun 7.3.3-cü və 7.4-cü maddələrində nəzərdə tutulmuş xəbərdarlıqda pozuntu halları göstərilir və əsaslandırılır, onların aradan qaldırılması üçün tələblər və zəruri müddət (bu Qanunun 30.1-ci, 30.3-cü və 30.5-ci maddələrində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi üçün 30 gün) müəyyən edilir, həmçinin pozuntuların aradan qaldırılmamasının hüquqi nəticələri izah edilir.

Xəbərdarlıq siyasi partiyaya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Siyasi partiya göstərilmiş pozuntuları xəbərdarlıqda müəyyən edilmiş müddətdə aradan qaldırır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.




Bölməyə aid digər xəbərlər