12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Asim Mollazadə: “Dünya dəyişir, hökmranlıq bitmək üzrədir”
Tarix: 07-09-2022 18:00 | Bölmə: Slayd
Asim Mollazadə: “Dünya dəyişir, hökmranlıq bitmək üzrədir”

“Ukraynada vəziyyət dəhşətlidir. Hər gün insanlar ölür. 400 uşağın öldüyü, 600 uşağın isə ağır yaralandığı bildirilir. Buna baxmayaraq, Ukrayna xalqı müstəqilliyi və azadlığı uğrunda savaşır, mübarizə aparır”.

Bunu Reyting.az-a deputat Asim Mollazadə deyib.

A. Mollazadənin sözlərinə görə, min illərdir böyük imperiyaların savaşında millətlər və dövlətlər qurban gedir: “Biz Cənubi Qafqazda yaşayırıq və bu reallığı çox yaxşı başa düşürük. Roma imperiyası dövründən bu hadisələr davam edir. Amma dünya dəyişir, hökmranlıq bitmək üzrədir. Ukrayna xalqı da bunu dünyaya nümayiş etdirir”.

Deputat əlavə edib ki, Ukraynaya hərbi yardımı ləngidirlər: “Damla-damla yardım edilir. Məncə, Ukrayna özünü müdafiə etmək üçün lazımı qədər silah-sursat alarsa, məğlub olmaz.

Məsələn, Avropa İttifaqı Ukraynaya 5 milyard avro, ABŞ administrasiyası isə 2,8 milyard dollar yeni yardım ayırır. Amma bu maliyyə müharibə üçün deyil. Nəzərə alın ki, Ukraynanın iqtisadiyyatı dağılıb, xalqın sosial durumu ağırdır. Avropa Birliyinin verəcəyi maliyyə də sosial sahələrə istiqamətləndiriləcək. ABŞ, eyni zamanda yeni silahların verilməsinə dəstək göstərir. Onlar çalışırlar ki, öz vəsaitləri ilə Ukraynanı ayaq üstə saxlasınlar”.

Deputat əmindir ki, Ukrayna xalqı öz müstəqilliyini qoruya biləcək: “Amma sülh lazımdır. Çünki hər gün insanlar ölür. Azərbaycan da bunu öz tarixində görüb. Mülki insanlar amansız müharibənin qurbanına çevriliblər. Son müharibədə Gəncədə, Tərtərdə, Bərdə də insanlar qurban getdi. Amma biz dayanmadıq, mübarizəmizi davam etdirdik və torpaqlarımızı işğaldan azad edə bildik. Həm millətimiz, həm də dövlətimiz gücləndi. Mən əminəm ki, bu yolda aparılan müstəqillik mübarizəsi uğurlu olacaq. Çünki imperiyalar xalqların iradəsini sındıra bilmir. Biz tarixə baxsaq görərik ki, imperiyalar xalqların öz müqəddəratını qoruma mübarizəsinin qarşısında dura bilməyib”.




Bölməyə aid digər xəbərlər