12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Belarus ərazisindən Ukraynaya hücum ola bilər
Tarix: 08-09-2022 17:10 | Bölmə: Slayd
Belarus ərazisindən Ukraynaya hücum ola bilər

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə fevralın 24-də saat 06:00-da başlayan müharibə son vaxtlar Ukraynanın şərq vilayətlərində daha da şiddətlənib.

Reyting.az
xəbər verir ki, Ukrayna ordusunun Xerson istiqamətində hücumu davam edir. Rusiya Ukrayna qüvvələrinin böyük itki verdiyini, Kiyev isə bir çox əraziləri geri aldığını iddia edir.

Ukrayna ordusunun əks-hücumu davam edərkən, Belarus sərhəddində dünyanı narahat edən hadisələr baş verir, bu ölkədə hərbi fəallıq artıb.

“Əl-Cəzirə” telekanalının xəbərinə görə, Belarus Polşa və Ukrayna ilə sərhədə yaxın bölgədə hərbi təlimlər keçirməyə başlayıb.

Sentyabrın 14-dək davam etməsi planlaşdırılan təlimlər çərçivəsində “düşmən tərəfindən müvəqqəti zəbt edilən torpaqların geri alınması” ssenarisinin həyata keçiriləcəyi bildirilir.

Təlimdən əvvəl Belarusun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) məlumat verməməsi regionda gərginliyi daha da artırıb. Belarus Müdafiə Nazirliyi isə bildirir ki, təlimdə iştirak edən qoşunların və hərbi texnikanın sayı ATƏT-i xəbərdar etmək öhdəliyindən aşağıdır.

Ekspertlər isə düşünür ki, Belarus istiqamətindən Ukraynaya hücum ola bilər. Buna səbəb kimi Ukrayna ordusunun ruslara qarşı əks-hücumu göstərilir.

Xatırladaq ki, hazırda Ukrayna ordusu üç istiqamətdə irəliləyir. Bunlar şimalda Xarkov, şərqdə Donbass və cənubda Xersondur.

Bu gün aydın olub ki, Ukrayna ordusu Xarkov istiqamətində 50 kilometrə qədər irəliləyib. Bu isə istər-istəməz Rusiyanı cavab tədbirləri görməyə məcbur edir. Əks təqdirdə Ukrayna ordusu hücumu uğurla davam etdirərsə, Krıma yolunu aça bilər. Belə bir vəziyyətdə Ukraynaya ən ciddi problemi Belarus istiqamətində gözlənilməz hücumla yaratmaq mümkündür.

Mətbuat iddia edir ki, Ukraynaya hücum üçün prezident Lukaşenkoya müəyyən basqılar olsa da, o, hələlik buna dözərək hücum əmri vermir.

Reyting.az




Bölməyə aid digər xəbərlər