12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Partiya sədri: “Qərb Rusiyanı qəfildən çökdürmək niyyətində deyil, prosesi tədricən aparır”
Tarix: 09-09-2022 15:41 | Bölmə: Slayd
Partiya sədri: “Qərb Rusiyanı qəfildən çökdürmək niyyətində deyil, prosesi tədricən aparır”

“Müharibədə istər Rusiyanın, istərsə də Ukraynanın üstünlüyü vaxtaşırı xarakter daşıyır. Müharibənin hansısa mərhələsində Rusiya, hansısa mərhələsində isə Ukrayna üstün mövqedə olur. Amma yaxın gələcəkdə müharibənin bitəcəyini və Ukraynanın qalib gələcəyini demək çətindir”.

Bunu Reyting.az-a Rusiya-Ukrayna müharibəsini şərh edərkən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Rusiyanın da Ukraynaya qalib gələcəyi, bu gözəl ölkəni çökdürəcəyini iddia etmək mümkün deyil. “Artıq müharibənin yeddinci ayıdır və Ukrayna Rusiyaya müqavimət göstərməkdə davam edir. Təbii ki, Ukraynanın davam gətirməsinin əsas səbəbi Qərb ölkələrinin hərbi-siyasi dəstəyidir”,- deyə Q. Əlibəyli əlavə edib.

Partiya sədri diqqətə çatdırıb ki, müharibənin ilkin dövründə Qərb ölkələri Ukraynaya köhnə silahlar tədarük edib, bu səbəbdən də Ukrayna böyük ərazi itkiləri ilə üzləşib: “İndi nisbətən müasir silahlar verirlər. Bu da onu demyə əsas verir ki, Qərb ölkələri Ukrayna və Rusiya arasında müharibənin uzanmasını istəyirlər. Prinsipcə, müharibənin davam etməsi həm Qərbin, həm də Rusiyanın xeyrinədir. Moskva dünyanın diqqətini müharibəyə cəlb edir, özü də digər problemlərinin həllinə çalışır”.

Ukrayna ordusunun uğurlarını dəstəklədiyini deyən Q. Əlibəylinin iddiasına görə, Rusiya-Ukrayna müharibəsi uzun çəkəcək, qalib nəticələrə çatmaq asan olmayacaq.

Partiya sədrinin fikrincə, Qərb ölkələri müharibənin uzanmasında maraqlıdır: “Bir tərəfdən silah-sursatlarını təcrübədən keçirir, digər tərəfdən də onları satırlar. Eyni zamanda Qərb strategiyası Rusiyanın birdən deyil, tədricən çökdürülməsini hədəfləyir. Odur ki, Ukraynaya hərbi kömək də məhdud xarakter daşıyır. Yəni Ukraynaya elə civarda silah verirlər ki, bu ölkə nə məğlub olmasın, nə də qalib gəlməsin”.

Q. Əlibəyli düşünür ki, müharibə ən tezi ilin sonuna qədər davam edə bilər:

“Zənnimcə, ilin sonunda müharibənin səmtinə dair məlumat olacaq. Anlamalıyıq ki, Qərb Rusiyanı qəfildən çökdürmək niyyətində deyil. Onlar prosesi tədricən aparmağa çalışırlar. Hazırda Qərbin istədiyi baş verir”.

Q. Əlibəyli sonda əlavə edib ki, Qərbə məğlub və ya qalib Ukraynaya yox, döyüşən Ukrayna lazımdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər