12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ üçün təhlükəli ssenari işə düşür
Tarix: 12-09-2022 14:02 | Bölmə: Slayd
ABŞ üçün təhlükəli ssenari işə düşür

Cənubi Koreyada yerləşən Sejong İnstitutu bu ölkənin Çin və Rusiya ilə birgə hərbi təlimlərdə iştirak edəcəyini mümkün sayır. Bildirilir ki, üç ölkənin birgə təlimi reallaşarsa, bu, bir ilk olacaq.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Ukrayna böhranı səbəbilə bölgənin strateji əhəmiyyəti artıb və ABŞ-la rəqabət mühitinin inkişafı Çini Koreya yarımadasında hərbi və təhlükəsizlik gücünü artırmaq məcburiyyətində qoyub. Əlavə olunur ki, əks təqdirdə proses daha qeyri-münasib ssenariyə uyğun inkişaf edə bilər.

Çinin Şimali Koreya, Rusiya və İranla hərbi və təhlükəsizlik sahəsində yeni əməkdaşlıq yolu tapmasının gözlənildiyini vurğulayan Sejong İnstitutu bildirir ki, Şimali Koreyanın Çin və Rusiyanın ev sahibliyi etdiyi birgə çoxmillətli hərbi təlimlərə qatılması gözardı edilə bilməz və bu, istisna olunmur.

Xatırladaq ki, 1961-ci ildə Şimali Koreya Çinlə Dostluq, Müttəfiqlik və Qarşılıqlı Yardım Müqaviləsi imzalayıb və bu müqavilədə hücum halında dost ölkələrin bir-birinə dərhal hərbi yardım göstərməsi şərti qoyulub.

Şimali Koreya, eyni zamanda Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsi imzalayıb. Bu yaxınlaşmanın hərbi sahəyə qədər inkişaf edib-etməyəcəyi yaxın dövrdə bəlli olacaq.

Qeyd edək ki, keçmişdə Şimali Koreya Çin və Rusiya ilə hərbi təlimlərdə açıq şəkildə iştirak etməyib. Amma ABŞ-a qarşı Çin və Rusiya ilə əməkdaşlığı yaxşılaşdırmağa çalışdığını nəzərə alsaq, bundan sonra çox güman ki, birgə hərbi təlimlərdə iştirak edəcək.

Onu da bildirək ki, hazırda Şimali Koreya BMT-nin sanksiyaları altındadır. Rusiya da Ukrayna savaşına görə ciddi sanksiyalarla üzləşib. Moskva və Pxenyanla isti münasibətlər saxlayan Çin isə sanksiyalardan müəyyən qədər ehtiyat edir. Amma ABŞ-ın Tayvan siyasəti və Sakit okeanda artan geosiyasi rəqabət son anda Çinin Rusiya və Şimali Koreyaya açıq dəstək verməsi və İranı da prosesə qoşması ilə nəticələnə bilər.




Bölməyə aid digər xəbərlər