12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Ermənistanın sülh prosesinə qayıtmaqdan başqa çıxış yolu yoxdur”
Tarix: 13-09-2022 15:51 | Bölmə: Slayd
Deputat: “Ermənistanın sülh prosesinə qayıtmaqdan başqa çıxış yolu yoxdur”

“Rusiya ermənilərə hərbi baxımdan köməklik etmək iqtidarında deyil. Bu saat Rusiyanın özü Şimali Koreyadan, İrandan silah-sursat almaq istəyirsə, başqa yerlərdən özü üçün əsgər toplayırsa, Ermənistana hansı köməyi edə bilər?”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Ermənistan sərhədində son erməni təxribatı nəticəsində baş verən insidenti qiymətləndirərkən deyib.

Rusiyanın vasitəçilik missiyasından da danışan R. Musabəyov qeyd edib ki, hazırda Kremlin ümumi çağırışlardan başqa Ermənistana real dəstək vermək imkanı yoxdur.

Milli Məclis üzvünün sözlərinə görə, Ermənistanın sülh prosesinə qayıtmaqdan, başını aşağı salmaqdan və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdən başqa çıxış yolu yoxdur: “Ermənistanı himayə edən dövlətlər bunu ona anladarsa, Nikol Paşinyanın da canı qurtarar. Əhalisinə deyər ki, əlimdən gələni etmişəm”.

R. Musabəyov əlavə edib ki, Ermənistan 44 günlük müharibə ilə ağıllanmayıbsa, onları vaxtaşırı “dəmir yumruqla” ağıllandırmaq məcburiyyəti yaranacaq: “İnanmaq istərdim ki, bu növbəti dərs onlar üçün uzunmüddətli olacaq. Hər halda onlar kifayət qədər itki veriblər. Görünən odur ki, ermənilərin Azərbaycan qarşı təxribat kimi istifadə etdikləri yuvaların hamısı vurulub. Ümid edirəm ki, bundan sonra ermənilər düz yola gəlmək haqqında düşünərlər”.

R. Musabəyov Ermənistanın KTMT-yə müraciəti və bu təşkilatın verə biləcəyi qərardan da söz açıb: “Heç bir gözləntim yoxdur. Ən yaxşı halda bəyanat verməklə kifayətlənəcəklər. Məncə, bu da ermənilər üçün bir nəticədir. O mənadakı deyəcəklər, baxın, biz köməklik görmədik, üzümüzü Fransa və ABŞ-a çevirək. Paşinyan da çoxdan belə fürsət axtarır. Hələlik qorxsa da, hiss olunur ki, vurnuxur. Rusiya Ukraynada çətinliklə üzləşdikdən sonra Paşinyan “qibləsini” dəyişmək üçün imkan axtarır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər