12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistanın kömək istədiyi BMT, KTMT, Aİ və Rusiya Azərbaycana qarşı hansı addımı atacaq? - Politoloqun şərhi
Tarix: 13-09-2022 19:11 | Bölmə: Slayd
Ermənistanın kömək istədiyi BMT, KTMT, Aİ və Rusiya Azərbaycana qarşı hansı addımı atacaq?

Dünən gecə Ermənistan Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatın layiqli cavabını alıb. Azərbaycan Ordusu Ermənistan hərbçilərinin qanunsuz fəaliyyətinə mane olub, onlara tutarlı cavab verib. Eyni zamanda bir müddətdir ki, Azərbaycana qarşı təxribatların həyata keçirildiyi erməni hərbi məntəqələri məhv edilib. Bundan sonra Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasına, Avropa İttifaqı Şurasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), Rusiya və Fransaya müraciət ünvanlayaraq, Azərbaycanın hücuma keçdiyini iddia edib.

Politoloq Zərdüşt Əlizadə Ermənistan hakimiyyətinin dəstək üçün üz tutduğu və Azərbaycandan şikayət etdiyi qurumların atacağı addımlarla bağlı proqnozunu açıqlayıb.

Politoloq Reyting.az-a deyib ki, Ermənistanın müraciətlərinin nəticəsini sıfır əmsalında görür. Onun sözlərinə görə, heç kim gəlib bu cəncəl işə qarışmaq, Ermənistanın məsuliyyətsiz mövqeyinin ağrı-acılarını üzərinə götürmək istəmir:

“Başlayaq KTMT-dən. KTMT əsasən Rusiya deməkdir. Rusiyanın indi Cənubi Qafqazda ikinci cəbhə açmağa istəyi və imkanı varmı? Yox! Başı Ukraynadakı vəziyyətinə qarışıb.

BMT Təhlükəsizlik Şurası hazırda Ukrayna məsələsini həll edə bilmir. Orada diplomatlar üz-üzə gəlir, əlləşir və vuruşurlar. Bunu həll edə bilməyən Təhlükəsizlik Şurası gəlib Cənubi Qafqazda iki ölkə arasındakı kəllələşməyə qarışarmı? Qarışmaz! Onun işi-gücü qurtarıb?

Fransa prezidenti Emmanuel Makrondan dəstək istəyiblər. 44 günlük müharibədən sonra Fransanın bölgədə, xüsusilə Azərbaycanın yanında hörməti sıfıra düşüb. Makron gəlib bizə nə deyəcək? Get, hoppan! – cavabını alacaq. Vəssalam!

Avropa İttifaqı Şurasının Prezidenti Çarlez Mişelə gəldikdə, bizim ona hörmətimiz var. Ona deyəcəyik ki, dedik, gəl barışaq, barışmır və öhdəliklərini yerinə yetirmir. Hələ bu bəs deyil, gəlib yollarımızı minalayır. Çünki Sarıbabada təzə minalar badırmışdılar. Biz də deyəcəyik ki, bu millətin şakəri ya mina basdırmaq, ya da unitaz aparmaqdır”.

Z. Əlizadə əlavə edib ki, son qarşıdurmada Ermənistan kifayət qədər zərbə alıb:

“Paşinyan deyir ki, 49 nəfər itki vermişik. Bunun yaralısı da var. Bunlar ağıla gəlməlidir. Burada maneə Rusiyadır. Rusiya özü də ağıla gəlməli və qonşu xalqların işinə qarışmamalıdır. Rusiya başqa MDB ölkələrində olduğu kimi, saxta respublikalar “yaradır”, onun vasitəsilə bölgələri nəzarətdə saxlayır, ölkələrin daxili işlərinə qarışır. İndi Rusiyanın Ukraynaya təcavüzünü dünya pisləyir. Vaxtı ilə Ermənistan da Azərbaycana təcavüz etmişdi və arxasında da ruslar dayanırdı. Rusiya olmasaydı Ermənistan heç vaxt bizə hücum etməzdi. Çünki bizdən iqtisadi, siyasi, demoqrafik baxımından zəifdir. Beləcə, arxasında ruslar durdu və bizə hücum edərək ərazilərimizi tutdular, başları eyforiyadan fırlandı. Biz də nə qədər dedik ki, gəl daşı ətəyindən tök barışaq, torpaqlarımızı qaytar və s. Dedilər, Qarabağdakı separatçı rejimi tanı. Biz də imtina etdik, sonra müharibə oldu və qalib gəldik”.

Politoloq diqqətə çatdırıb ki, hazırda Rusiyada Luqanks və Donetsk separatçılarını tanıyır: “Orada müharibə gedir və görünən odur k, ruslar uduzacaq. Ermənistan da müharibəni uduzub, amma məğlubiyyətini tanımaq istəmir. Demək istəyirəm ki, əslində Ukraynada, Gürcüstanda, Moldovada, elə Azərbaycanda da Qarabağ münaqişəsi eyni modeldir. Ruslar eyni modeli işlədiblər, amma artıq bu model alınmır, köhnəlib. Bu model imperiyalar vaxtı işləyirdi, amma indi dünya dəyişib. İndi iqtisadi güc, texnologiya, elm, insan haqları və tərəqqi işləyir”.

Z. Əlizadə sonda deyib ki, hamı Avropa İttifaqına getməyə, Rusiyadan qaçmağa çalışır. Çünki Rusiya yarıtmaz modeldir. Bu sadə həqiqətləri Rusiya, elə Ermənistan və digər ölkələr də anlasa, hər şey qaydasına düşər.

Reyting.az




Bölməyə aid digər xəbərlər