Laçın dəhlizinə alternativ yol nəzarətə götürülməlidir - Deputat
Tarix: 15-09-2022 17:43 | Bölmə: Slayd
Laçın dəhlizinə alternativ yol nəzarətə götürülməlidir

“Müşahidələr göstərir ki, son günlər baş verən hadisələr Qarabağdakı erməni separatçılarını daha çox narahat edir, gərginlik və təşviş içərisindədirlər. Ona görə ki, Azərbaycan Ordusu yeni yolu bağlayar və onların Ermənistanla əlaqələri tamamilə kəsilər. Ondan sonra separatçıların təminatı haradan gələcək? Yanacağı, istiliyi, çörəyi və s. Sözsüz ki, belə olan təqdirdə məcbur olub Azərbaycana tabe olacaqlar. Onları qorxudan budur. Amma hələlik bu, baş vermir. Çünki Qərb ölkələrindəkilər və rus qardaşları onları əmin edib ki, qorxmayın, sizə təhlükə yoxdur”.

Bunu Reyting.az-a Milli Məclisin Xocalı rayonundan olan deputatı Elman Məmmədov deyib.

E. Məmmədov xatırladıb ki, dünən axşam bir qrup erməni Xankəndi şəhərində mitinq keçirib: “Tələb ediblər ki, Ermənistan heç bir sülh sənədinə imza atmasın, separatçı rejim Azərbaycanın tabeliyinə keçməsin və s. Bu səbəbdən də onları məcbur etmək lazımdır ki, Azərbaycanın idarəçiliyini qəbul etsinlər”.


E. Məmmədov

Separatçı rejimin lideri Araik Arutyunyanın bu gün Ermənistanın paytaxtı İrəvana getdiyini, orada müxtəlif görüşlər keçirmək niyyətində olduğunu diqqətə çatdıran Elman Məmmədov əlavə edib ki, bu da qorxudan irəli gəlir: “Onlar talelərinin necə olacağı ilə maraqlanırlar. Məsələn, Araik bir dəstə adamla İrəvana gedib. Bundan əvvəl Ermənistanın bir neçə yüksək vəzifəli şəxsi Xankəndiyə gəlib. Əgər belədirsə, onda sərhəd nəyə lazımdır? Azərbaycan ərazisinə bizim icazəmiz olmadan kimlərinsə gedib-gəlməsi üçünmü? Belə olan təqdirdə hansı təhlükəsizlikdən söhbət gedə bilər? Belə olduqda ərazimizdəki ermənilər Ermənistana sərbəst gedib-gələcək, qudurğanlıq edəcəklər. Təbii ki, sərhədlərimizə nəzarəti Azərbaycan öz əlində saxlanmalıdır. O cümlədən Laçın dəhlizinə alternativ yeni yolu da.

10 noyabr 2020-ci il üçtərəfli sazişdə açıq yazılıb ki, rus hərbi kontingenti gediş-gəlişin təhlükəsizliyini təmin edəcək. Orada yazılmayıb ki, rus kontingenti Azərbaycan sərhədçisidir. Yəni Azərbaycan haradan yol verməsindən asılı olmayaraq, sərhədlərinə nəzarət etməlidir. Biz bilməliyik ki, bizim ərazimizə kim daxil olub. Ümumiyyətlə, onun gəlmək icazəsi varmı, biz buna icazə veririkmi”.

E. Məmmədov deyib ki, ermənilərin Azərbaycan ərazisinə özbaşına giriş-çıxışının qarşısı alındıqdan sonra Qarabağdakı ermənilər yaşadıqları ölkənin qanunlarına tabe olmaq məcburiyyətində qalacaqlar. Əks təqdirdə onlar özlərini Ermənistan və digər ölkələrin vətəndaşı zənn edərək istədiklərini etməyə çalışacaqlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}