Sərdar Cəlaloğlu: “Ter-Petrosyanın dediklərini yüzdə-yüz müdafiə edirəm”
Tarix: 28-09-2022 17:30 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Ter-Petrosyanın dediklərini yüzdə-yüz müdafiə edirəm”
Sərdar Cəlaloğlu

“Levon Ter-Petrosyan birinci dalğada Lex Valensa, Kamusaxurdiya və Elçibəylə birgə hakimiyyətə gələn şəxslərdəndir. Demək olar ki, Ermənistan hakimiyyətində təmsil olunanlar arasında Ter-Petrosyan qədər öz xalqının və dövlətinin maraqlarını düzgün anlayan ikinci bir lider yoxdur. Amma erməni xalqının əsl maraqlarını qorumağa çalışdığı üçün onu hakimiyyətdən uzaqlaşdırdılar. Öz dövrünün digər fiqurlarından fərqli olaraq, Levon Ter-Petrosyan dirəniş göstərmədi, digər siyasətçilərin taleyini yaşamaq istəmədi. O, hakimiyyətdən getdikdən sonrakı dövrdə də dünyada və bölgədə gedən prosesləri dəqiq qiymətləndirən və erməni xalqının maraqlarına uyğun mövqe ortaya qoyan siyasi liderdir”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın öz ölkəsini Azərbaycan və Türkiyə ilə danışıqlara gedərək razılaşmalar əldə etməsinə dair çağırışlarını qiymətləndirərkən deyib.

S. Cəlaloğlu əlavə edib ki, sabiq prezidentin ortaya qoyduğu mövqe tamamilə reallığa söykənir və ciddi yanaşmadır.

ADP sədrinin sözlərinə görə, Ermənistanın iki ənənəvi müttəfiqi olan İran və Rusiyanın başı qarışıb: “Hansı açıqlama verməsindən asılı olmayaraq, İran bölgədəki proseslərə qarışa bilməz. Rusiyanın isə müharibədən necə çıxacağı hələlik məlum deyil. Bütövlükdə hadisələr göstərir ki, Ermənistan Amerika və Avropaya meyl etsə də, bölgə ölkələri ilə yaxşı münasibət qurmasa, bu dövlətin gələcəyi yoxdur. Ter-Petrosyan bu reallığı ortaya qoyur və öz xalqına təklif edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymaq, Azərbaycanla sülh müqaviləsi imzalamaq bölgədə uzun müddət sabit yaşamağın açarıdır. Əks təqdirdə zamanla Ermənistan dövləti olmayacaq”.

Cəlaloğlunun fikrincə, indi dünyada və regiondakı proseslər Ermənistanın xeyrinə deyil. “Bu mənada Ter-Petrosyanın dediklərini yüzdə-yüz müdafiə edirəm. Düşünürəm ki, erməni xalqı özünün müdrik siyasətçisinin dediklərinə diqqət yetirməli və onun təklif etdiyi formada hərəkət etməlidir”, - deyə ADP sədri əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}