16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İrandakı etirazlar: teokratik rejimi sarsıdan aksiyada çoxsaylı insan həyatını itirib
Tarix: 30-09-2022 11:29 | Bölmə: Slayd
İrandakı etirazlar: teokratik rejimi sarsıdan aksiyada çoxsaylı insan həyatını itirib

Sentyabrın 13-də Tehran şəhərində "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ilə başlayan etiraz aksiyaları İranın müxtəlif bölgələrində qarşıdurmalara səbəb olub. Polislə qarşıdurmada hər iki tərəfdən çoxsaylı insan həyatını itirib və ya xəsarət alıb. İran dövlət televiziyası isə nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla, 41 nəfərin öldürüldüyünü bildirib.

Hazırda etirazçıların və aksiya təşkilatçılarının həbsləri davam edir. Rəsmi orqanlar ölkədəki həbslərin dəqiq sayını açıqlamasa da, bu rəqəmin 2000-dən çox olduğu təxmin edilir.

Siyasi ekspertlərin iddiasına görə, M. Əmininin ölümünə etiraz olaraq keçirilən aksiyalar İrandakı teokratik rejimin əsaslarını sarsıtmağa başlayıb. İran Kürdüstanında başlayan etirazlara həmrəylik nümayiş etdirən Güney Azərbaycan da ayağa qalxıb. Güney Azərbaycandakı etirazların dərhal milli hərəkata çevrildiyi bildirilir.

Türkoloq-alim Firudin Cəlilov isə Reyting.az-a deyib ki, İranda belə aksiyalar dəfələrlə baş verib və sonda hökumət qan tökməklə yatırıb.

Professorun fikrincə, etirazlar təşkilatlanmış formada olmasa, bu dəfə də qarşısı alınacaq: “Xüsusilə, Cənubi Azərbaycandakı soydaşlarımız arasında təşkilatlanma, konkret plan və hədəfin olmadığı görünür. Daha çox xaotik prosesə bənzəyir. Bu səbəbdən də İran rejiminin şansı var ki, bu dalğalanmanı da yatırtsın”.

F. Cəlilov diqqətə çatdırıb ki, bu prosesdə birbaşa olmasa da, dolayısı ilə ABŞ-ın iştirakı mümkündür:

“Nəzərə almaq lazımdır ki, Amerika İranın içəridən qarışmasında maraqlıdır. Çünki ABŞ İranla sərt qarşıdurma həddindədir. Mən hələ ABŞ və digər ölkələri bir kənara qoyuram. İranın müsəlman türklərinə qarşı davranışı, hansısa bəyanatlar verməsi, Azərbaycanda məscidləri və dini yerləri dağıdan Ermənistanı dəstəkləməsi ortadadır. Əlbəttə, bu, həm də bölgənin geosiyasi durumuna təsir göstərir”.

Onu da qeyd edək ki, İran əhalisinin hüquqlarına, İranda yaşayan xalqların isə öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsinə beynəlxalq ictimaiyyətin ciddi dəstəyi nəzərə çarpmır. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət teokratik rejimin qətliam törətməsinin qarşısını almaq üçün müxtəlif vasitələrə əl atsın və molla rejiminin əməlləri cəzasız qalmasın.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}