Tərtərdə iki nəfər minaya düşüb - Yenilənib
Tarix: 01-10-2022 13:09 | Bölmə: Slayd
Tərtərdə iki nəfər minaya düşüb

Tərtər rayonunda iki nəfər minaya düşüb.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində - "Üçüncü sovxoz" adlanan ərazisində baş verib.

Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

***

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtərdəki mina hadisəsi ilə bağlı məlumat yayıb.


ANAMA bildirir ki, 2022-ci 1 oktyabr tarixində “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması və iki sakinin xəsarət alması ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Baş Prokurorluq Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.


Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}